Azərbaycan qəzeti: Üzüm bu mövsüm də tovuzluların üzünü ağardır
Keçən əsrin 70-ci illərində Azərbaycanda üzümçülüyün inkişafı sahəsində qazanılan uğurlarda Tovuz rayonunun da payı olub. Statistik məlumatlara görə, həmin vaxtlar rayonda 10 min hektar üzüm bağı mövcud olmuş, hər il 120 min ton məhsul istehsal edilmişdir. Həmin məhsul rayondakı 12 şərab zavodunda emal olunmuşdur.
Lakin keçmiş sovetlər birliyi dövründə aparılan antialkoqol kampaniyası nəticəsində rayondakı üzüm bağları da kortəbii şəkildə məhv edilmiş və nəticədə bu gəlirli sahə sıradan çıxmışdır. Belə vəziyyət Prezident İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi tədbirlərinəcən davam etmişdir. Xüsusən dövlət başçısının üzümçülüyün inkişafına dair imzaladığı sərəncamdan sonra ölkədə, o cümlədən Tovuzda bu sahəyə marağı olan təsərrüfat sahiblərinə geniş imkanlar yaradılmışdır. Nəticədə bir neçə il ərzində rayonda üzüm bağlarının sahəsi xeyli genişlənmişdir. Hazırda Tovuzda 822,4 hektar üzüm bağı mövcuddur ki, onun da 14 hektarı bu il salınmışdır.
Qeyd edək ki, təsərrüfat sahibləri yeni bağlar salarkən süfrə sortuna daha çox üstünlük verirlər. Bunun əsas səbəbi süfrə sortlarından daha çox qazanc götürülməsidir. Məhz bunun nəticəsidir ki, rayonda mövcud olan üzüm bağlarının 680,4 hektarında süfrə sortları yetişdirilir. "Qara Moldova", "Red-Qlobe", "Bolqar", "Rakasteli", "Tayfu", "Viktoriya", "Kardinal" və "Təbriz" sortlarını bu gün alıcılar həvəslə alırlar.
Hazırda rayonda yerli şəraitə uyğun məhsuldar üzüm sortları tinglərinin yetişdirilməsi, beton dayaqların istehsalının artırılması, bağların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, təcrübəli mütəxəssislərin bu sahəyə cəlb edilməsi və digər məsələlərin həlli ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bunun sayəsində rayonda elə kəndlər var ki, istehsal etdikləri məhsulun həcminə görə rayon göstəricisini qabaqlayırlar. Aşağı Quşçu, Düz Qırıxlı, Dondar Quşçu, Aşağı Mülkülü, Dönük Qırıxlı və digər kəndlərdə hər il bol məhsul yetişdirilir.
Ən çox üzüm bağı isə Aşağı Quşçu kəndindədir. Kənddə 500 hektara yaxın üzüm bağı var ki, onlardan da hər il yüksək məhsul əldə edilir. Burada yüksəkkeyfiyyətli şərab da istehsal olunur. Ümumiyyətlə, rayonda üzüm istehsalında yüksək göstəricilərə nail olan təsərrüfat sahibləri çoxdur. Nüsrət Hüseynov, Elqam Tağıyev, Kamil Hüseynov, Mübariz Orucov, Ömərqaya Vəliyev hər il öz bağlarından yüksək məhsul götürürlər.
Aşağı Quşçu kəndinin sakini Kamil Hüseynovun 30 hektar üzüm bağı var. Onun 3 hektarı iki il əvvəl saldığı cavan, 27 hektarı isə barverən bağlardır. Fermer üzüm plantasiyasını genişləndirməklə yanaşı, 400 tonluq anbar da inşa etmişdir. Üzümün becərilməsində, eləcə də daşınmasında lazım olan bütün texnikaya sahib olan fermer deyir ki, bu gün ölkədə sahibkarlara hər cür dəstək verilir.
Hazırda Tovuzda üzüm yığımı davam edir. İndiyəcən toplanan məhsul keçən ilin eyni dövründəkindən çoxdur. Bağbanlar çalışırlar ki, əziyyətlə yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplasınlar.
Sabir ƏLİYEV,
"Azərbaycan"