Azərbaycan qəzeti: Tovuzun müharibə zamanı dağılmış suvarma sistemi yenidən qurulur
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı Tovuz rayonunda da mülki tikililərə və infrastruktura xeyli ziyan dəymişdir. Buna baxmayaraq əhali öz ata-baba yurdlarını bir gün, bir saat da olsa, tərk etməmişdir.
Erməni işğalçıları tərəfindən atılan bombalar ən çox rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərinə düşmüş, sosial infrastrukturu sıradan çıxarmışdır. Lakin bunlar da həmin kəndlərin sakinlərini öz iş-güclərindən etməmişdir. Onlar əmin idilər ki, tezliklə qələbə qazanılacaq və kəndlərində dağılan nə varsa, bərpa olunacaq və ya yenisi tikiləcək.
Artıq xeyli vaxtdır ki, Tovuz ərazisində müharibə vaxtı sıradan çıxmış infrastruktur yenidən qurulur. Prezident İlham Əliyevin imzaladığı 6 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı çərçivəsində bütün işlər qrafik üzrə gedir.
Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, Ağdam və Vahidli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılmışdır. Layihəyə əsasən, hər iki kəndi içməli su ilə təmin edəcək müxtəlif ölçülü 8 su anbarı inşa olunacaq, 9881 metr uzunluğunda magistral su xətti çəkilməklə 211 bulaq quraşdırılacaq. Ağdam kəndinin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması üçün isə 1980 metrlik su xətti çəkiləcək və 1000 kubmetr tutumu olan su anbarı inşa ediləcək. Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 7 subartezian quyusunun qazılması, 14 müxtəlif ölçülü 14 su anbarının inşası nəzərdə tutulmuşdur. Bundan əlavə, Dondar Quşçu, eləcə də Yuxarı və Aşağı Öysüzlü kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə həmin yaşayış məntəqələrindəki arxlar yenidən qurulacaq. Hacıalılı kəndində isə 1000 kubmetrlik su anbarı tikiləcək və 3134 metr uzunluğunda su kəməri çəkiləcək.
Sabir ƏLİYEV,
"Azərbaycan"