Azərbaycan qəzeti: Tovuzluların yardımları arasında tibbi avadanlıqlar da var
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə ölkəmizin hər yerində yardım toplanması davam edir. Tovuzlular da bu ağır günlərdə qardaş türk xalqının yanında olmağı özlərinin borcu hesab edir və zəlzələdən ziyançəkənlərə əllərindən gələn köməyi əsirgəmirlər.
Rayon sakinləri faciə baş verən gündən isti geyimlər, yataq ləvazimatları, eləcə də konservləşdirilmiş qidalar alaraq məntəqələrə təhvil verirlər.
Humanitar yardımlar arasında zəlzələ zamanı xəsarət alanların müayinə və müalicəsində istifadə ediləcək tibbi avadanlıq və ləvazimatlar da az deyil. Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov: "Göndərdiyimiz tibbi avadanlıqlar arasında süni nəfər cihazları, kardio-monitor, göz müayinəsi üçün aparatlar və digər tibbi qurğular var. Allahdan bir daha Türkiyə xalqına səbr diləyirik. Biz hər zaman qardaşlarımızın yanındayıq".
Məntəqəyə çoxlu sayda könüllülər də gəliblər. Onlar gətirilən humanitar yardımları çeşidləyir, qablaşdırır, avtomobillərə yükləyirlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"