Azərbaycan qəzeti: Tovuzluların çörəyi torpaqdan çıxır
Artan iqtisadi potensial fonunda ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar öz bəhrəsni verir. Təsərrüfat sahibləri güzəştli qiymətlərlə yeni texnikalarla, gübrə və yanacaqla təmin edilir. Kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar məhsul istehsalçılarını həvəsləndirərək, daha yaxşı işləməyə ruhlandırır.
Hər il aqrar sahədə yüksək göstəricilər qazanan rayonlardan biri də Tovuzdur. Demək olar ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən bu rayonda hər il yüksək nəticələrə nail olunmaqla əhalinin ərzaqla təminatında üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. 2022-c ili uğurla yola salan rayon fermerləri cari ildə də yüksək göstəricilər uğrunda əzmə mübarizə aparırlar. Keçən ilki göstəriciləri təzələmək, daha çox məhsul istehsal etmək həvəsi ilə əkin sahələrinə şıxan tovuzlular qarşılarına qoyduqları məqsədə çatmaq üçün var qüvvələri ilə çalışır, ölkənin ərzaq təminatında əllərindən gələni əsirgəmirlər.
Qeyd edək ki, keçən il 13635 hektarda taxıl əkən fermerlər hər hektardan 42,8 sentner olmaqla ümumilikdə 58411 ton məhsul istehsal etdilər ki, bunun da 50381 tonu buğda, 8030 tonu arpa oldu. Rayonda kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər qazanıldı. Məsələn, 5947,1 hektar sahənin hər hektarından 291,7 sentner olmaqla ümumilikdə 17346,7 ton kartof götürdülər. Rayonda tərəvəz, meyvə və üzüm istehsalında da yüksək göstəricilər qazanıldı. Belə ki, 1088,3 hektar sahədən 25553,7 ton tərəvəz, 1460 hektar sahədən 023707,4 ton meyvə və giləmeyvə, 822,4 hektar plantasiyadan 21751 ton üzün yığıldı. Rayonda yaradılan istixanalarda da yüksək məhsuldarlıq əldə edildi. 22,39 hektar istixana sahəsindən 1777,9 ton məhsul götürüldü.
Qazanılan bu nailiyyətlərdən ruhlanan tovuzlular cari ildə bu göstəriciləri daha da yüksəltməyi qarşılarına məqsəd qoydular. Artıq ilin 7 ayı arxada qalmışdır. Artıq kənd təsərrüfatının bir çox sahələrində məhsul yığımı başa çatmışdır. Alınan nəticələr onu deməyə əsas verir ki, rayon sakinləri bu ilin məhsul istehsalında da yüksək göstəricilərə nail olacaqlar.
Artıq bir müddətdir ki, rayonda taxıl biçini başa çatmışdır. Rayon taxılçıları keçən ilkindən fərqli olaraq bu ilin məhsulu üçün əkin sahələrini xüyli genişləndirərək, 18454 hektara çatdırmışlar ki, bunun da 15644 hektarı buğda, 2810 hektarı isə arpa olmuşdur. Buğda sahələrinin hər hektarından 41,9 sentner olmaqla 51506 ton, arpa sahələrinin hər hektarından 29,3 sentner olmaqla 8150 ton məhsul götürülmüşdür.
Məlum oluğu kimi Gədəbəydən sonra Tovuz rayonu ən çox kartof istehsal edən rayonlardandır. Bu il kartof sahələrinin həcmi bir qədər də genişləndirilərək, 5271,2 hektara çatdırılmışdır. İndiyədək 4825 hektar sahənin hər hektarından 282 sentner olmaqla 136055 ton məhsul yığılmışdır. Hazırda yığım davam edir.
Qeyd edək ki, rayonda 1076,5 hektar sahədə tərəvəz bitkiləri əkilmişdir. İndiyədək 16243,3 ton məhsul toplanmışdır. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Rayonda bostan bitkilərinin, eləcə də meyvə və giləmeyvənin isehsalı da xeyli artmışdır. İndiyədək 36 hektar sahədən 220 ton bostan bitkiləri, 1542 hektar sahədən isə 8594,1 ton meyvə və gilmeyvə toplanmışdır.
Ənənəvi bitkilərdən olan üzümçülüyün inkişafına da diqqət xeyli artırılmışdır. Yeni məhsuldar üzün sortlarının əkilməsi ilə plantasiyaların sahəsi xeyli genişləndirilmişdir. Hazıda rayonda 1102 hektar sahədə üzüm bağı mövcuddur. Xeyli vaxtdır ki, süfrə üzümü sortlarının yığımına başlanılmışdır. İndiyədək 2510 ton məhsul toplanmışdır. Hazırda məhsul yığımı davam edir.
Qeyd edək ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının bir hissəsi soyuducu anbarlarda saxlanılır. Bunun üçün Tovuzda 37 ədəd soyuducu anbar fəaliyyət göstərir.
2023-cü ilin məhsulu üçün rayonda 1099,54 hektar sahədə şəkər çuğunduru, 72,81 hektarda soya, 64,4 hektar sahədə isə günəbaxan bitkisi əkilmişdir. Hazırda həmin sahələrdə becərmə işləri uğurla davam etdirilir.
Sabir ƏLİYEV,
“Azərbaycn”