Azərbaycan qəzeti: Tovuzlular arxayınlaşmırlar
4-cü regional inkişaf proqramında qarşıya qoyulmuş tədbirlər və vəzifələr Tovuz rayonunda da ardıcıl həyata keçirilir. Bunu cari ilin birinci yarısının sosial-iqtisadi nəticələrində də görmək mümkündür.
Yarım il ərzində rayonda fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən 201 milyon 917,7 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bunun 37,1 faizi kənd təsərrüfatı, 9,3 faizi sənaye, 45,6 faizi ticarət, 5,4 faizi tikinti sahəsinin payına düşür. Adambaşına düşən ümumi məhsulun həcmində də artım müşahidə olunmuşdur. Belə ki, ötən il adambaşına düşən məhsul istehsalı 1096,4 manat olmuşdusa, bu il həmin rəqəm 1130,6 manata çatmışdır.
Dövlət tərəfindən aqrar sahəyə diqqətin, eləcə də bu sahədə çalışan təsərrüfat sahiblərinə edilən güzəşt və yardımların miqyasının artırılması kənd təsərrüfatının əsas istehsal sahələrindən biri olan bitkiçiliyin inkişafına təkan vermişdir. Ötən yarım il ərzində ailə-kəndli və ev təsərrüfatlarında əkin aparılan sahələrin həcmi 1668 hektar artırılaraq 17890 hektara çatdırılmışdır. Artım əsasən kartof və dənli bitkilərdə müşahidə olunmuşdur.
Rayonda heyvandarlığın inkişafı üçün də geniş imkanlar açılmışdır. Bu hesaba mövcud qaramalın təsərrüfat kateqoriyaları üzrə xüsusi çəkisi 1,3 faiz artmışdır. Eləcə də süd istehsalı 16289 tona, yumurta istehsalı 11 milyon 622 min ədədə çatmışdır.
Ötən müddət ərzində rayon sənayesi də irəliləmişdir. Belə ki, əvvəlki ilin eyni dövründəkindən faktiki qiymətlərlə 1 milyon 224,6 min manatlıq çox sənaye məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 40 faizi dövlət, 60 faizi qeyri-dövlət sektorlarının payına düşmüşdür. Bu dövr tikinti sektorunda da irəliləyiş qeydə alınmışdır. Konkret rəqəmə gəldikdə, 6 ay ərzində əsas kapitala yönəldilmiş 12 milyon 243,2 min manatın 88,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Sahibkarlığın dəstəklənməsi, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması və mövcud müəssisələrdə yeni iş yerlərinin açılması istiqamətində rayonda bir sıra tədbirlər görülmüşdür. Bunun sayəsində yarım ilə rayonda 90-a yaxın daimi iş yeri açılmışdır. Yeni açılan və əvvəlcədən fəaliyyət göstərən iş yerlərində əhalinin həyat səviyyəsinin yüksəldilməsini səciyyələndirən orta aylıq nominal əməkhaqqı 5 ay ərzində 517,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80,4 manat və ya 18,4 faiz çoxdur.
Sabir ƏLİYEV,
"Azərbaycan"