Azərbaycan qəzeti: Tovuz taxılçıları nümunə göstərirlər
Rayon əkinçiləri üçün hektardan 42,8 sentner məhsul son hədd deyil
Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahəsidir. Bu sahə əhalinin çörək və çörək məmulatlarına olan ehtiyacını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, son illər ölkəmizdə taxılçılığın inkişafını təmin etmək üçün əməli tədbirlər həyata keçirilir.
Taxılçılıqda müəyyən uğur qazanan rayonlardan biri də Tovuzdur. Rayonda fəaliyyət göstərən fermerlər dövlətin göstərdiyi güzəştlərdən yararlanaraq taxıl istehsalını ildən-ilə artırırlar. Son təsərrüfat ilinin göstəricilərinə nəzər salaq: ötən il əkilmiş 16776 hektar sahədən 58416,6 ton taxıl (1522 hektardan 50381 ton buğda, 2113 hektardan 8030 ton arpa) biçilmişdir ki, bu da hər hektardan 42,8 sentner məhsul deməkdir. Bu ilin məhsulu üçünsə rayon fermerləri əkin sahələrini bir qədər də artıraraq 18454 hektara çatdırmışlar. Taxılçılar 15644 hektara payızlıq buğda, 2810 hektara payızlıq arpa toxumları səpmişlər. Bu sahələrin 12899 hektarı suvarılan, 5555 hektarı dəmyədir. Hazırda suvarılan sahələrə su verilməsi yekunlaşır. Bundan başqa, əkilən taxılı ziyanvericilərdən qorumaq üçün tədbirlər də görülür.
Tovuzda taxılçılıq sahəsində zəngin təcrübə toplayan onlarca təsərrüfat var. Onlardan "Tovuz AGRO DAİM" MMC-ni, "Tovuz Aqro Suple" MMC-ni, "Tovuz Aqro Kompleks"i, "Azər Aqrar" və s.-ni göstərmək olar. Bu təsərrüfatlarda hər il yüksək göstəricilərə nail olunur.
Rayonda qabaqcıl fərdi təsərrüfat sahibləri də az deyil. Ədalət Məhərrəmov, Mətanət Məmmədova, Kamal Əsgərov və Kamal Ələsgərov hər ili uğurlu göstəricilərlə başa vururlar.
Hazırda taxıl sahələri yaşıl örpəyə bürünüb. Fermerlər cari ildə də bol məhsul əldə etmək üçün aqrotexniki tədbirləri vaxtında görməyə çalışırlar.
Sabir ƏLİYEV,
"Azərbaycan"