Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzeti: "Həm istehsalçı, həm də istehlakçı üçün sərfəli"

15 oktyabr 2025 | 15:46

Soyuducu anbarlar qış mövsümündə əhalinin təzə meyvə və tərəvəzlə təminatına, fermerlərin isə daha çox qazanmasına imkan verir

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Tovuzda bu sahəyə diqqət  ildən-ilə artır. Bu səbəbdən dövlətin təsərrüfat sahiblərinə göstərdiyi dəstəkdən yararlanan rayon fermerləri hər ili uğurla yola salmağa, bol kənd təsərrüfatı məhsulları istehsal etməyə çalışırlar. 

Hazırda istehsalçılar min bir əziyyətlə yetişdirdikləri məhsullarını vaxtında yığmaq üçün səfərbər olublar. Əvvəlki illərdə olduğu kimi, bu il də əksər sahələr üzrə yüksək göstəricilər qazanan tovuzlu fermerlər əkinçilik üzrə də fərqlənirlər. 

Rayonda üzümçülük ənənəvi sahə olsa da, günü bu gün də rayonlaşdırılmış üzüm sortlarından ibarət yeni plantasiyalar salınır. Bu hesaba üzüm bağlarının sahəsi 1150 hektara çatdırılmışdır ki, onun da 744 hektarı süfrə sortlarıdır. Təkcə bu il rayonda 19 hektar yeni üzüm bağı salınmışdır.

Ölkədə ikinci böyük kartof istehsalçısı olan Tovuzda bu il 4492 hekar sahədə kartof əkilmişdir. Əldə etdiyimiz son məlumata görə, 4126 hektardan çox sahənin hər hektarından 301,9 sentner olmaqla 124562 tondan çox məhsul yığılmışdır. Hazırda yığım davam edir. 

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdik. Bu, soyuducu, anbar məsələsidir. Artıq rayonda bu sahədə də bir sıra uğurlu addımlar atılmış, əvvəllər mövcud olan problemlər demək olar ki, aradan qaldırılmışdır. Hazırda rayonda hüquqi və fiziki şəxslərin 39 soyuducu anbarı var. Onlardan ən böyüyü 10 min tonluqdur. Qalan 39 soyuducu anbarın ümumi həcmi isə 31,68 min tona yaxındır. Amma rayonda daha aztutumlu soyuducu anbarlar da var. Məsələn, Aşağı Quşçu kəndində evlərin həyətyanı sahələrində kustar üsulla hazırlanmış və hər birinin həcmi 50-150 ton olan 30 soyuducu anbar mövcuddur. Həmin anbarlarda əsasən kartof, üzüm və xurma saxlanılır. 

Onu da qeyd edək ki, Tovuzda soyuducu anbarların sayı hər il artmaqdadır. Aşağı Quşçu kənd sakini Sabit Cəfərov deyir ki, soyuducu anbarların xidmətindən istifadə etmək onlar üçün sərfəlidir. Dərim vaxtı üzümün qiyməti 50-60 qəpikdirsə, payız-qış mövsümündə ikiqat qiymətə satışını həyata keçirir: "Bizim kəndimizin sakinləri meyvəçilik, əsasən də üzümçülüklə məşğul olur. Sentyabrda üzümün dərimi başlayır. Həmin ay məhsulu yığıb satırıq. Daha çox gəlir əldə etmək üçün isə soyuducu anbarlarda saxlamaq sərfəlidir. Soyuducu anbarlara yığdığımız məhsulun hər bir kilosuna cüzi miqdarda xərcimiz çıxır". 

Fermer Kərəm Səfərovun 700 tonluq soyuducu anbarı var. Üç kameradan ibarət anbarda əsasən xurma və kartof saxlanılır. Deyir ki, icarəyə də məhsul götürür.  Xurma yeşiklərinin birinin saxlanması iki ay müddətinə ona 1 manat 20 qəpiyə başa gəlir.

Bu sahədə yetərincə təcrübə qazanmış Şəhadət Mehralıyevin də 400 ton tutumuna malik soyuducu anbarı var. Onun quraşdırılmasına 100-150 min manat xərcləyib. Deyir ki, soyuducu anbarın qurulması üçün nəzərdə tutulan izolyasiya avadanlıqları, materialları dövlət tərəfindən güzəştli qiymətlərlə verilsə, yaxşı olardı. 

Söhbət zamanı fermerlər onu da bildirdilər ki, soyuducu anbarlardan istifadə edərkən onların xidmətindən tam yararlanmaq və ən başlıcası, hansı kənd təsərrüfatı məhsulunu necə və hansı müddətə, hansı formada saxlamaq, keyfiyyətlərini dəyişmədən, orqanizmə ziyan olmadan qoruyub istehlakçıya çatdırmaq da vacib şərtlərdəndir.

Sabir ƏLİYEV,

"Azərbaycan"

 

Keçidlər