Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzeti:  Fermerlər  Dövlət Qayğısından  Razıdırlar

15 mart 2023 | 11:20

Son illər dünyada qlobal ərzaq qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Bəzi ölkələr aclıqla üz-üzə qalmışdır.  Sevindirici haldır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi-siyasət nəticəsində respublika iqtisadiyyatı şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması üçün qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin dinamik inkişafı təmin olunmuşdur.

Azərbaycan dövlətinin kənd təsərrüfatı ilə məşğul olan fermerlərə hərtərəfli dəstəyi uğurlu nəticələrin əldə olunmasına stimul verir. Hazırda ölkədə əkinə yararlı torpaqlar tamamilə əkin dövriyyəsinə qaytarılmışdır. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Tovuz rayonunda iri fermer təsərrüfatlarının yaradılması davam etdirilir.

Rayonda sahibkarlığa yaradılan münbit və əlverişli şəraitin nəticəsidir ki, özəl müəssisələrin sayı artır, iri fermer təsərrüfatları, aqroparklar və digər istehsal müəssisələri fəaliyyət göstərir. Tovuzun əlverişli iqlimi, münbit torpaqları eyni zamanda, zəhmətsevər insanlarının əməyi nəticəsində hər il minlərlə ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları istehsal olunur.

Ölkəmizdə ərzaq məhsulları ilə əhalinin təmin olunmasında tovuzluların özünəməxsus yeri var. Bu günlərdə rayonda fəaliyyət göstərən nümunəvi «Ocaq» fermer təsərrüfatına baş çəkdik. Təsərrüfat əsasən meyvəçiliklə məşğuldur. Burada yaradılan şərait kənardan diqqəti cəlb edir. Müəssisənin rəhbəri Mətanət Məmmədova ilə söhbət zamanı bildirdi ki, «Ocaq» fermer təsərrüfatı 7 ildir ki, fəaliyyət göstərir. Rayonun Alakol kəndi ərazisində 42 hektar, Qovlar qəsəbəsində isə 90 hektar torpaq sahəsinə malikdir. Hazırda intensiv meyvə bağlarına yüksək aqrotexniki qulluq göstərilir. Bağlarda əsasən gilas, xurma, ərik, badam, heyva, alma, armud, qoz və s. yetişdirilir.

Ağacların 60-70 faizi yüksək məhsuldarlığa malikdir. Yeni bağların salınması işləri də diqqətlə saxlanılır. 20 hektar sahədə müxtəlif meyvə ağaclarının əkilməsinin şahidi olduq. Müsahibim bildirdi ki, ötən təsərrüfat ilində 60 ton ərik, 100 ton gilas, həmçinin tonlarla badam,nektarin,qoz,heyva və yüksəkkeyfiyyətli xurma məhsulları əldə olunmuşdur.

Fermer təsərrüfatında yetişdirilən rəqabətədavamlı, ixracyönümlü müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları daxili bazarlarda bolluq yaratmaqla yanaşı «Made in Azerbaijan» brendi altında xarici ölkələrə də ixrac olunur. Bağların suvarma suyuna olan tələbatı təsərrüfata məxsus olan 4 ədəd subartezian quyuları vasitəsilə ödənilir. Suvarmada su itkisinin, israfçılığın qarşısının alınması, eləcə də keyfiyyətli suvarmanı təmin etmək üçün mütərəqqi üsuldan (damcılama) istifadə olunur.

Əldə olunan məhsulların bir hissəsi təsərrüfata məxsus tutumu 100 ton olan 4 kameralı müasir standartlara cavab verən soyuducu anbarda saxlanılır. Sonralar satışa çıxarılır. Bundan başqa müəssisədə 500 kvadratmetr sahəsi olan qapalı anbar texnikaların saxlanılması üçün talvar, müasir üslubda inşa olunmuş 2 mərtəbəli ofis binası, 3 ədəd tutumu 250 ton olan su anbarı və digər yardımçı binalar mövcuddur.

Təsərrüfat rəhbəri qeyd etdi ki, dövlətin aqrar sahəyə hərtərəfli diqqət və qayğısının nəticəsidir ki, müəssisə Gəncə Avtomobil zavodunun istehsalı olan 5 ədəd əkin traktorları, qoşqular, kotanlar, 3 ədəd dərmançiləyici və s. lizinq yolu ilə güzəştli qiymətlərlə əldə etmişdir.

2022-ci ildə soyuducu kameraya 100 tona yaxın məhsul yığılmış, müəyyən vaxtdan sonra realizə olunmuşdur. Qeyd etmək lazımdır ki, meyvəçiliklə yanaşı olaraq cari ildə təsərrüfat 12 hektar sahədə kartof əkinini həyata keçirir. Artıq sahədə şumlama və digər tədbirlər aparılmış, toxum səpininə start verilmişdir. Əsasən yerli məhsuldar sort kartof toxumlarına üstünlük verilir.

İri fermer təsərrüfatları ölkədə ərzaq təhlükəsizliyini təmin olunmasına töhfələr verməklə yanaşı, bölgələrdə işsizliyin aradan qaldırılmasında da mühüm rol oynayır. Hazırda müəssisədə 25 nəfər daimi işlə təmin olunmuş, 250-300 nəfər isə mövsümi işlərə cəlb olunur. Növbəti illərdə işçilərin sayının artırılacağı gözlənilir.

Vəli VƏLİYEV,

«Respublika»

 

 

 

 

 

Keçidlər