Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzeti: "AŞIRI YAĞIŞLAR İMKAN VERSƏ...Tovuz əkinçiləri bol məhsul gözləyirlər"     

14 may 2025 | 09:53

         İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Belə bir vaxtda tovuzlular da hər gün əkin sahələrinə böyük həvəslə çıxır, payızda əldə edəcəkləri məhsulun bol olması üçün əllərindən gələni əsirgəmirlər. Havaların yağmurlu keçməsinə baxmayaraq, gün çıxandan batanadək yorulmaq bilmədən çalışan rayon sakinləri payızda daha çox kənd təsərrüfatı məhsulları götürmək üçün var qüvvələri ilə çalışırlar.

       Qeyd edək ki, Tovuz rayonunun iqtisadiyyatında əkinçilik və heyvandarlıq aparıcı rol oynayır. Respublikamızda həyata keçirilən aqrar islahatlar rayonda uğurla həyata keçirilir. Xüsusilə keçən il rayonda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində əldə edilən nailiyyətləri yeniləmək üçün onlar yaz-tarla işlərinə böyük həvəslə başlamışlar.

         Rayonda ən çox diqqət taxıl istehsalına yönəldilmişdir.  Hər hektardan 33,3 sentner məhsul götürən fermerlər bu il əkin sahələrini bir qədər də artırmışlar. 12054 hektar sahədə payızlıq taxıl səpilmişdir ki, ondan da 10070 hektarı payızlıq buğda, 1984 hektarı isə payızlıq arpadır. Əkilmiş taxıl sahələrinin 7461 hektarı suvarılan, 4593 hektarı isə dəmyə sahələridir. 7325 hektar sahədə birinci vegetasiya suvarması, 4714 hektar sahədə isə ikinci vegetasiya suvarması aparılmışdır. Hazırda suvarma uğurla davam etdirilir. Taxılçılar yetişdirilmiş məhsula yüksək səviyyədə qulluq edirlər. Bu məqsədlə 9210 hektar sahəyə yemləmə gübrəsi verilmişdir. Taxılın ziyanvericilərdən qorunması məqsədilə mübarizə tədbirləri də aparılmışdır. Belə ki, 5230 hektar sahədə gəmiricilərə qarşı mübarizə tədbirləri görülmüşdür.

         Rayonda iqtisadi cəhətdən gəlirli olan üzümçülük də sürələ inkişaf etdirilir. Bunun üçün ilk növbədə yerli şəraitə uyğun , məhsuldar üzüm sortları əkilir. Hazırda rayonda 1150 hektar üzüm bağı vardır ki, onun da 1070 hektarı bar verən üzüm bağlarıdır. Bağbanlar keçən il həmin bağların hər hektarından 284 sentner məhsul götürmüşlər ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Üzüm sahələrinin 980 hektarında suvarma, 1020 hektarında cərgələrarası şum, 1105 hektarda isə xəstəlik və ziyanvericilərə qarşı mübarizə işləri aparılmışdır. Ümumiyyətlə  payız-qış mövsümündə bağlarda aparılan aqrotexniki tədbirlər onu deməyə əsas verir ki, bu il də tovuzlular yüksək məhsul əldə edəcəklər.

         Son illər ölkəmizdə kartof istehsalına görə öndə gedən rayon sakinləri bu il də bol məhsul istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Keçən ilin əkin mövsümündə 5496 hektar ərazidə kartof əkən rayon sakinləri orta hesabla hər hektardan 298 sentner məhsul götürmüşlər. Rayon fermerləri faraş karof istehsalına da böyük maraq göstərirlər. İstixanalarda yetişdirilmiş kartofun satışında da elə bir problem yoxdur.  

         Rayonda hər il bol kartof yetişdirən onlarla fermer var. Onlardan biri də “Tovuz Aqrokompleks” MMC-dir. Təsərrüfatda keçən il 102,3 hektar sahədə “Marabel”, “Kolomba”, “Silvana”, “Orkestra” və “Arizona” kartof sortları əkilmiş və bol məsul götürülmüşdür.

         Onu da qeyd etmək lazımdır ki, rayonun iri fermer təsərrüfatları yetişdirilmiş kartofu saxlamaq üçün bir neçə müasir soyuducu ambarlar tikdirmişlər ki, bunun da əsas məqsədi xaricdən gətirilən kartofun həcmini azaltmaqdır. Hazırda rayonda kartof səpini uğurla davam edir. İndiyədək 3850 hektar sahədə kartof əkilmişdir. Fermerlər bu il daha çox kartof istehsalına nail olmağı qarşılarına məqsəd qoymuşlar.

        Rayonda kənd təsərrüfatının digər sahələri kimi baramaçılığın inkişafına da diqqətlə yanaşılır. Artıq 8-ci ildir ki, rayonda barama istehsal edilir. Bir neçə gündür ki, rayon sakinləri barama istehsalına start vermişlər. Hər il qazandıqları uğurlardan ruhlanan kümçülər əldə etdikləri nailiyyəti yeniləmək üçün fəaliyyətlərini daha da genişləndirmişlər. 20 kənddə 20 nəfər kümçüyə 40 qutu baram qurdu paylanmışdır. Rayon icra hakimiyyəti baramaçılıqla məşğul olan sakinlərə hər cür dəstək göstərərək, onlara lazımi şərait yaradır. Xüsusilə barama istehsalında vacib olan tut yarpaqlarının təminatı diqqət mərkəzində saxlanılır.

      Tovuz rayonu müyvə və giləmeyvə istehsalı sahəsində də hər il yüksək göstəricilərə nail olur. Hazırda rayonda 1559,1 hektar bağ vardır. Həmin bağların hamısında budama aparılmış, 1279 hektarında suvarma, 1322,2 hektarında cərgələrarası şum və 1320,8 hektarında xəstəlik və zərəvericilərə qarşı mübarizə işləri görülmüşdür.

                                                                  

  Sabir ƏLİYEV,

 “Azərbaycan”

 

  

        

Keçidlər