Tovuz: Çərşənbə axşamı şəhid evlərinin qapısı döyüldü
“Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən davamlı layihələr həyata keçirilir. Prezident İlham Əliyev bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərilməli olduğunu bir vəzifə kimi qarşıya qoymuşdur”.
Bunları söyləməklə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Novruzun yel çərşənbəsi günü şəhid ailələrinin yanında olarkən dövlət tərəfindən onlara hər zaman diqqət və qayğının göstəriləcəyini xüsusi vurğuladı. O, həmin gün Düz Qırıqlı kəndində şəhid Asim Əliyev, Sahil Salmanov, Nəcməddin Bədirov, Əyyublu kəndində Vahid Qurbanov, Ceyhun Mirzəyev, Alakol kəndində Sənan Ələsgərov, Cavid Hüseynov, Müşviq İsmayılzadə, Dönük Qırıqlı kəndində Nural Sultanov və Qovlar şəhərində Zülfüqar Abbasov, Nurlan Vəliyevin ailələrini ziyarət etmişdir. İcra hakimiyyətinin başçısı xalqımızın adət və ənənələrinə uyğun olaraq şəhidlərin valideynləri ilə birlikdə onları anmış, xatirələrini yad etmişdir.
Sonra rayon rəhbəri Qovlar şəhərindəki Şəhidlər xiyabanında olmuş, şəhidlərin ailə üzvləri ilə birlikdə məzarları ziyarət etmişdir. Şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Şəhid valideynləri göstərilən dəstəyə görə minnətdarlıqları ifadə etmiş, ölkə Prezidentinin diqqət və qayğısını hər an hiss etdiklərini bildirmişlər.
Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri