Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Novruz çərşənbəsində şəhid ailələrini ziyarət edib
Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar. Onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən davamlı layihələr həyata keçirilir. Bundan əlavə Prezident İlham Əliyev bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərilməli olduğunu bir vəzifə kimi qarşıya qoymuşdur. Bu istiqamətdə Tovuz rayonunda həyata keçirilən tədbirlər ardıcıl və sistemli xarakter daşıyır. Şəhid ailələri ilə müntəzəm görüşlər keçirilir, onların istək və arzuları dinlənilir və həlli istiqamətində lazımi addımlar atılır.
Bu gün, Novruz bayramının yel çərşənbəsi günü İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Düz Qırıqlı kəndində şəhid Əliyev Asim Nuru oğlu, Salmanov Sahil Vüqar oğlu, Bədirov Nəcməddin Nurəddin oğlu, Əyyublu kəndində Qurbanov Vahid Elşad oğlu, Mirzəyev Ceyhun Zirəddin oğlu, Alakol kəndində Ələsgərov Sənan Əkram oğlu, Hüseynov Cavid Hümbət oğlu, İsmayılzadə Müşviq Xanlar oğlu, Dönük Qırıqlı kəndində Sultanov Nural Yaşar oğlu və Qovlar şəhərində Abbasov Zülfüqar Bayram oğlu, Vəliyev Nurlan Habil oğlunun ailələrini ziyarət etmişdir. İcra Hakimiyyətinin başçısı xalqımızın adət və ənənələrinə uyğun olaraq şəhidlərin valideyinləri ilə birlikdə onları anmış, xatirələrini yad etmişdir.
Sonra İcra başçısı Qovlar şəhərində şəhidlər xiyabanında olmuş, şəhid ailələrinin üzvləri ilə birlikdə şəhid məzarlarını ziyarət etmiş, şəhidlərin ruhuna dualar oxunmuş və məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Şəhid valideyinləri göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirmiş, özlərini daim ölkə Prezidentinin diqqət və qayğısı altında hiss etdiklərindən əminliklərini ifadə etmişlər.