Tovuzda uşaqların onkoloji müayinələri olub
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihə çərçivəsində Tovuz rayonlarında uşaqların onkoloji müayinələri keçirilib.
Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında müalicəsini aparmaq məqsədilə həyata keçirilib. Uşaqlarda qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, döş qəfəsinin rentgenoskopiyası və digər müayinələrdən keçirilib.
Tovuz Rayon Mərkəzi Xəstəxanalarında aparılan müayinələr zamanı bir sıra uşaqlarda şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.