Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Şəhid Emin Hüseynovun övladı dünyaya gəlmişdir

23 fevral 2021 | 01:00

Bu gün qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütün Azərbaycan fəxr edir! Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, otuz il müddətində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə Qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızdan biri də Hüseynov Emin Fərmayıl oğludur.

Emin Hüseynov 20.08.1990-cı ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Vətən sevgisi, doğma yurdun keşiyində durmaq arzusu onu Azərbaycan Ordusu sıralarında hərbi xidmətə sövq etdi.

Silahlı Qüvvələrimizin tərkibində müddətdə artıq hərbi xidmət keçən  Emin Hüseynov Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq yenidən döyüş meydanına qayıdıb. Emin Hüseynov Ermənistan Ordusunun canlı qüvvəsinin və texnikasının məhv edilməsində fərqlənib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, həmçinin döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiynə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bu gün Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladı Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin müşayəti ilə xəstəxanadan evə yola salınıb.

Şəhidin həyat yoldaşını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova tovuzluların vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin olunmasında şücaət göstərən bütün şəhidlərimizlə, o cümlədən bu gün övladı dünyaya göz açan Emin Hüseynovla qürur duyduğunu, şəhidlərimizin xatirəsinin həmişə uca tutulduğunu, şəhid ailələrinin, xüsusilə şəhidlərin övladlarının dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.

Keçidlər