Xalq Qəzeti: Şəhid adı çəkiləndə...
“Tovuzda istənilən sakini küçədə saxlayıb şəhidlərinin adını soruş, deyəcək. Bir-bir deyəcək və sən məəttəl qalacaqsan ki, bir deyil, beş deyil, 66 nəfərin adını axı necə yadda saxlamaq olar?!” RİH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fərman Qurbanov təəccübləndiyimizi görüb məsələyə aydınlıq gətirir:
– İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərimiz, yerli bələdiyyələr, kənd və qəsəbələrdəki təhsil ocaqları əgər bunları da bilmirsə, geniş təbliğ etməyi bacarmırsa, onda hansı vətənpərvərlikdən söhbət aça bilər, şəhid adının müqəddəsliyindən danışar?! Rayon icra hakimiyyətinin başçısı qəti tapşırıq verib. İkinci Vətən müharibəsində şəhid olan 66 tovuzlu balasının hər birinin tərcümeyi-halı, onun döyüş yolu, hətta ailəsi haqqında məlumatı olmayan adamın mənəvi haqqı yoxdur ki, “tovuzluyam” desin. Deyib ki, ölümündən sonra Vətən qarşısında xidmətlərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kiçik gizir Orxan Cabbarov, “Qarabağ” ordeni ilə təltif edilən baş gizir Mehman Yusifov, eləcə də qazilərimiz – Vətən Müharibəsi Qəhrəmanı, kiçik gizir Yaşar Əhmədov, “Zəfər” ordenli Cavid Tağıyev, “Qarabağ” ordeni ilə təltif edilmiş polkovnik-leytenant Samir Tağıyev, leytenant Rəşad Mehdiyev və başqalarının qəhrəmanlıq salnamələri öyrənilməli və hər birimiz həmyerlilərimizlə fəxr etməli, qürur duymalıyıq.
...Aşağı Quşçu kəndinə gedirəm. Tovuzun ən böyük kəndidir, 12 min nəfərə yaxın əhalisi var. Kəndin girəcəyində məni icra nümayəndəsi Ələsgər Vəliyev qarşılayır və birbaşa şəhidlərin dəfn olunduğu qəbirstanlığa gəlirik. Yeddi şəhid, yeddi igid, yeddi cavan. Hamısı cərgə ilə bir sırada dəfn olunub və lap uzaqdan diqqəti cəlb edir. Yaşca ən böyüyü olan Füzuli Süleymanovun 28, ən kiçikləri – Elçin Poladov və Həsrət Ələsgərovun isə 19 yaşları var... Daha 4 şəhidin adlarını başdan ayağa gül-çiçəklərə bürünmüş məzarların baş daşlarından oxuyuram: Elvin Qurbanlı, Atəş Aslanov, Elbrus Verdiyev və Rəcəb Hüseynov. Bu cansız baş daşlarından səssiz-səmirsiz boylanan nur üzlü gənclərə baxanda adam qəribə hisslər keçirir. Bir tərəfdən onların yarımçıq qalmış ömür paylarına təəssüflənir, digər tərəfdən qürur hissi keçirirsən ki, 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızı azad edən belə igidlərimiz var. Elə birazdan şəhid ataları ilə keçirdiyimiz söhbət zamanı bu hissin onlara da doğma olduğunu görüb toxtaqlıq tapacağıq.
Şəhid valideynlərindən söz düşmüşkən, onların necə böyük ürəyə sahib olduqlarını həm Aşağı Quşçu kəndində, həm də Tovuzun digər kənd və qəsəbələrində hiss etdim. Şəhid Həsrət Ələsgərovun atası Vahid bəstəboy bir kişidir. Onsuz da hər gün getdiyi oğul məzarı üstünə bizimlə birlikdə yenə gəlib. Əlini “qranitə dönmüş Həsrət”in üz-gözündə gəzdirir, sanki oxşayır və özü-özünə təsəlli verir, “bu lazım idi, oğul” deyir. Düzü, nə qədər ağır mənzərə olsa da bir qədər əvvəl bizim maşınımızda bura gələrkən göz yaşlarına bürünən atanın birdən-birə dəyişməsi, soyuqqanlı olması diqqətimizdən yayınmadı:
– O hiss etməməlidir ki, mən ağlayıram, – deyə Vahid kişi sanki ürəyimizdən keçənləri oxudu, – sonuncu dəfə oktyabrın 3-də danışdım. Dedi ki, irəliləyirik. Suqovuşanın adını çəkdi. Belə başa düşdüm ki, oranı azad etməlidirlər. Nə gizlədim, kövrəldim və o da telefonda bunu hiss elədi və yumşaq qəlbli olduğumu bildiyindən yarızarafat-yarıgerçək dedi ki, “ağlasan küsəcəm səndən”. İndi məni qınamayın, elə bilirəm, artıq-əskik hərəkət etsəm, küsəcək məndən. Bir də ki, oğlum Vətən yolunda şəhid olub, torpağımız uğrunda vuruşub. Bundan şərəfli ölüm nə ola bilər ki?!
Bunları danışa-danışa atanın sifəti birdən-birə işıqlanır, hansısa hadisə yadına düşdüyü üçün sanki sevinir:
– Təsəlli tapıram, fəxr edirəm ki, belə oğul böyütmüşəm. Həsrəti yenicə torpağa tapşırıb evə dönmüşdüm ki, bir də gördüm tanımadığım iki nəfər məni qucaqlayıb hönkür-hönkür ağlayır. Sən demə, Əlimərdanlı kəndindən gələn ər-arvad döyüş zamanı Həsrət onların yaralı oğullarını atəş altından çıxardığı üçün biz valideynlərə minnətdarlıq etməyə gəliblərmiş. Onlar bilmirlərmiş Həsrət şəhid olub. Təsadüfən, məhz dəfn olunan gün gəliblər bu mənzərəni görəndə donub qalıblar… Bəlkə də bizdən çox ağladılar, 40-cı gün də gəldilər, sonra yenə gəldilər…Bax, mənim təsəllim budur.
Şəhid Elbrus Verdiyevin atası İlyas Verdiyevdən də oxşar sözləri eşidirəm:
– Dəfnində bütün döyüş yoldaşları gəlmişdilər... Nələr danışmırdılar Elbrusdan: “dostcanlı, səmimi, ünsiyyət qurmağı bacaran, hamının qayğısına qalan, cəsur bir oğlan” ... Bilirsiniz 27 yaşlı bir oğul itirmiş ata üçün bu nə deməkdir?! Onların hər birini dinlədikcə ürəyim çırpınırdı, az qalırdı yerindən çıxsın. Bilmirəm, kədər fərəhə, qürura qarışanda beləmi olur? Məni darıxmağa, qüssələnməyə qoymurlar, tez-tez zəng edirlər, halımı soruşurlar. Hər il Rusiyaya gedirdim, orada iş qurmuşdum. İndi heç hara gedə bilmərəm. Elə bilərəm Elbrus “ata, məni tək qoyub hara getdin?” deyər. Yox, gedəsi deyiləm. Bir də ki, sağ olsunlar, yerli icra strukturları nə kömək lazımdır, göstərirlər. Dedim internet xətti yoxdur, çəkdilər. İndi inək söz veriblər, digər yardımlar göstəriblər...
Elə Vahid kişi ilə söhbətdə də bu fikirlərə dönə-dönə toxunulmuşdu. Deyirdi ki, təhsil haqqını ödəyə bilmədiyi üçün qızımı kollecdən kənarlaşdırmışdılar. Həmin xərci ödəyib onu təzədən kollecə bərpa etdilər. Həyat yoldaşım əməliyyat olunmalıdır, ona da söz veriblər ki, tezliklə həll edəcəklər...
Şəhid atası, şəhid anası nə qədər kövrək, kədərli olsa da bir o qədər də qürurlu, məğrur, başıuca olur. Bəzən bir qədər ərkyanalıq da elə həmin hisslərdən doğur, oğul itkisindən yaranır. Şəhid Füzuli Süleymanovun anası Laləzər Süleymanova oğlunun məzarı başında bizi görən kimi üzünü icra nümayəndəsinə tutub ucadan “oğul, mənə verdiyiniz o qulaq aparatı işləmir, götürüb atmışam bir kənara”– deyib üzünü yana çevirdi. Kənd icra nümayəndəsi çox nəzakətlə ananı bir kənara çəkib “ona öyrəşmək lazımdır, çıxarmayın, həkimlə də danışmışam, gəlib bir neçə gün dalbadal nizamlayacaq, narahat olmayın” deyib onu sakitləşdirdi.
Yeri gəlmişkən qeyd edək ki, istər ərazi icra nümayəndəliklərində, istərsə də rayon icra hakimiyyətində, digər idarə, müəssisə və təşkilatlarda şəhid ailələri və qazilələrlə aparılan işdə bir sistem qurulub. Bu işə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çox ciddi nəzarət edir və etiraf etmək lazımdır ki, bir sıra hallarda nümunə göstərir.
Rayonun Əyyublu kənd sakini Nurlana Babayeva ilə söhbət edirəm. Deyir, oğlum Vahid Qurbanov şəhid olanda elə bilirdim tamamilə tək qaldım. Lakin, el-oba mənə elə dayaq oldu, dərdimi elə yüngülləşdirdi ki, söz tapmıram. Sağ olsun başçımız, neçə dəfə bizə gəldi, təsəlli verdi, qəbirüstü abidənin hazırlanmasına kömək göstərdi, digər problemlərimizi həll etdi.
Məmməd müəllim bütün şəhidlərimizin ruhuna bir daha dərin ehtiramını bildirdi, torpaqlarımızın işğaldan azad olunması yolunda canlarından keçən oğullarımızın hər birinin xalqımızın yaddaşında əbədi yaşadığını dedi. Problemi isə həmin andaca həll etdi. Ertəsi gün oğlumun məzarı üstündəki talvar hazırlanıb başa çatdırıldı…
Qeyd etdiyim kimi, Vətən müharibəsində Tovuz 66 şəhid verib. Bir nəfər – Pərviz Nağıyev isə itkin düşüb, bu günədək ondan xəbər yoxdur. Rayon icra hakimiyyətinin başçısı onun da ailəsinə baş çəkib, təsəlli verib, səbr diləyib.
Təəssüf ki, hamısının adlarını çəkmək imkanımız yoxdur. Amma Tovuzda şəhidlərin adlarının əbədiləşdirilməsi üçün “Heç kəs yaddan çıxmır, heç nə unudulmur” adlı möhtəşəm abidə kompleksi yaratmağı düşünüblər. Kənd və qəsəbələrdə bulaq kompleksləri tikilməkdədir və artıq bir neçəsi istifadəyə verilib. Yuxarıda adını çəkdiyim Aşağı Quşçu kəndinin icra nümayəndəsi İkinci dünya müharibəsində iştirak edən və Birinci Qarabağ savaşında həlak olan şəhidlərin Xatirə kompleksini göstərdi və dedi ki, budəfəki şəhidlərimizin də adlarını, şəkillərini ora həkk etmək niyyətindədirlər.
Rayon ziyalıarından, ağsaqqallardan, şəhid valideynlərindən də gələn təkliflər çoxdur. Tovuz bəzi başqa şəhər və rayonlara nisbətən düşmənlə üzbəüz, özü də məğrurcasına dayanan bir yerdir. İkinci Qarabağ müharibəsi başlamazdan iki ay əvvəl, iyulda Tovuzun həmin sərhəd kəndlərində nələr baş verirdi, düşmən hansı təxribatlara əl atırdı, yaxşı bilirik. Şəhid də versə, mülki şəxslərini də itirsə Tovuz sınmadı, düşmənə layiqli cavab verdi. Tovuzun sərhəd kəndlərini qoruyarkən qəhrəmancasına şəhid olmuş general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu və başqalarının nəinki qanı yerdə qalmadı, həm də düşmənə elə bir zərbə endirildi ki, bu, sentyabrın 27-dən başlanan 44 günlük zəfər yürüşü üçün başlanğıc oldu.
Azərbaycan üçün o ağır məqamda – hər gün atəşə tutulan, necə deyərlər, “göydən od yağdırılan” günlərdə mən Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərində olarkən kənd camaatının məğrurluğunun, qorxmazlığının bir daha şahidi oldum. Həmin günlərdə adları çəkilən kənd icra nümayəndələri ilə daim əlaqə saxlayırdım, qəzetimizə müntəzəm yazılar verirdim və deyirdilər ki, bir nəfər də olsun öz doğma torpağını tərk etmək fikrində deyil. Ötən ilin iyulunda Ağdam kəndində şəhid olan 76 yaşlı Əziz Əzizovun qızı Zərnişan Gözəlova ilə apardığım söhbət yadıma düşür:
– “Bir tərəfdən, özümü qınayıram ki, niyə atamı razı salıb evdən çıxara bilmədim. Digər tərəfdən, düşünürəm ki, onu məcbur edib atəş altında olan kəndimizdən çıxarıb müvəqqəti də olsa rayon mərkəzinə aparsaydım, özünün dediyi kimi, heysiyyatına, şərəfinə toxunardı. Elə ki, ayın 12-dən ermənilər göydən yerə od yağdırmağa başladılar, ayaqlarını zorla sürüyən, çəliklə gəzən anamı və atamı rayon mərkəzinə, dayımgilə aparmaq istədim. Əməlli-başlı xətrinə dəydi, mənimlə çox sərt danışdı. Dedi ki, ermənilər 30 ildir atırlar, biz nə vaxtsa kəndi tərk eləmişik? Adama nə deyərlər?! Məcbur olub xəstə anamı müvəqqəti olaraq rayona apardım...”
Bəli, uzun illər kənddə müəllim işləmiş ağsaqqal şəhid olmağa razılaşdı, kəndi tərk etməyə yox.
Ağdam kəndinin camaatı bu illər ərzində 14 şəhid verib, bax, beləcə mərdlik göstərib, amma torpaqlarının bir qarışını belə verməyib. Hətta milli qəhrəmanları da var. Naiq Yusifov. Vətən müharibəsində Ağdam daha bir şəhid verdi və kəndin qəhrəman oğullarının adları sırasına müddətdən artıq xidmət edən Elbrus Yusifovun da adı yazıldı.
İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ağdam kəndində şəhidlərin məzarlarını ziyarət edərkən bildirdi ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində sərhəd ərazilərinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan – xalq, ön və arxa cəbhə birliyi yaşandı. Mənfur düşmən növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi. Rayon rəhbəri dedi ki, İkinci Qarabağ müharibəsində tovuzlu hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak edərək öz vəzifələrini şərəflə yerinə yetiriblər. Onların sırasında şəhidlik zirvəsinə yüksələn Ağdam kənd sakini Yusifov Elbrus Şəmsi oğlu da vardır. Bütövlükdə, burada uyuyan şəhidlərimizin hamısının keçdiyi həyat yolu gənc nəsil üçün örnəkdir. Şəhidlərimizin əziz xatirələri xalqımızın yaddaşında daim yaşayacaq və həmişə ehtiramla yad ediləcəkdir.
Düşmənin iyul təxribatları zamanı mərdlik göstərərək bir qarış belə torpağından geri çəkilməyən Dondar Quşçu, Əlibəyli kəndləri də dözüm və mərdlik göstərdi. O vaxt yazmışdım ki, bu kəndlərin hər sakini bir əsgərdir. İkinci Vətən müharibəsində Əlibəyli daha iki, Dondar Quşçu isə üç şəhid verdi.
Yadımdadır, Əlibəyli kəndinin ağsaqqalı Valeh Rzayevlə söhbət edərkən deyirdi ki, bir neçə dəfə müxtəlif növ silahlardan atəş açsalar da, tez susdurulublar. Deyirdi ki, bizdən it kimi qorxurlar. Amma bu illərdə onlar nələrə əl atmayıblar?! Hər cür alçaqlıq, rəzalət, qəfil hücumlar... Düşmən çox hiyləgərdir və dünyada nə qədər naqislik var, ona qadirdir...
Valeh Rzayevi 1992-ci ildən tanıyıram. Elini-obasını sevən, kənddə hörmət-izzət sahibi olan bir adamdır. 1987-ci ildən 2017-ci ilə kimi əvvəlcə kənd sovetinin sədri, sonra da icra nümayəndəsi olub. Əlibəylinin illər uzunu düşmən qarşısında mərd duruşunun bir növ ruhlandırıcısıdır, adamların pənah gətirdiyi ağsaqqaldır. Kəndin hazırkı icra nümayəndəsi Mahmudəli Abdıyev deyirdi ki, nə vaxt çətinə düşsək, Valeh müəllimə müraciət edirik. O da canla-başla əlindən gələn köməyi əsirgəmir, öz məsləhətlərini verir.
Qeyd edək ki, Valeh müəllimin qardaşı Qasım Rzayev Azərbaycanın Milli Qəhrəmanıdır. O, 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndinə döndükdən az sonra, könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı mərdliklə vuruşub. Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin mudafiəsində əsl qəhrəmanlıq göstərib. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyib. Sonadək döyüşüb və qəhrəmancasına həlak olub.
…Aşağı Quşçu kənd icra nümayəndəsi Ələsgər Vəliyev İkinci Qarabağ müharibəsində 7 şəhid vermiş bu kəndin Xatirə kompleksini göstərərkən 1941–1945-ci il müharibəsi iştirakçılarının qara mərmər üzərinə adları yazılmış hündür bir lövhəni də göstərib:
– Bir baxın, nə qədər kənd sakininin adları var burada, oxumaqla qurtarmır. Biz onları da unuda bilmərik. Cəmi bir nəfəri sağ qalıb. Yaşı çoxdan 100-ü keçib. Amma gümrahdır.
Ələsgər müəllim şair təbli bir adamdır. Dedi ki, Məmməd Arazdan bir beyt söyləyəcəyəm, amma yəqin mərhum şairin ruhu məni bağışlayar ki, cüzi bir dəyişiklik edirəm:
“Şəhid deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər”.
Sonra da əlavə etdi ki, Azərbaycanla şəhid adında bir oxşarlıq görürəm. Şəhid adı gələndə Azərbaycan, Qarabağ torpaqları göz önünə gəlir...
...Şəhid adı Tovuzda da çoxdan müqəddəsləşib. Sentyabrın sonlarından isə bu ad hər bir tovuzlunun ürəyində özünə elə bir yer salıb, qürur mənbəyinə çevrilib ki, illər, əsrlər keçəcək, unudulmayacaq. Xalqın arzusunu gözündə qoymayanları, Şuşaya və digər torpaqlarımıza bayrağımızı sancanları unutmaqmı olar?!
Baxıram, hələ iyul döyüşlərindən başlayaraq, bu günədək şəhid olan, yaralanan, müharibədən qayıdan az tovuzlu ailəsi olar ki, rayonun icra strukturlarının rəhbərləri, nümayəndələri gedib onlarla görüşməsin, hal-əhval tutmasın, problemləri ilə məşğul olmasın. Bax, belə olur ki, şəhid adı müqəddəsləşir, canından artıq sevdiyi torpaq uğrunda qanını axıdan qazi yenidən silaha sarılmaq, dövlətinə, Prezidentinə sadiqliyini bir daha nümayiş etdirmək istəyir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbir
http://xalqqazeti.com/az/news/71081?utm=w