Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yaz-tarla işlərinə hazırlıq davam edir

22 fevral 2021 | 16:00

Tovuz rayonunun ümumi ərazisinin 138,3 min hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Əkinə yararlı torpaqların 23,2 min hektarı daimi suvarılan torpaqlardır. Ümumilikdə 20-dən çox kənd üzrə 9,6 min hektar əkin sahəsinin suvarılması Ağstafa HQİİ-nin Sağ Sahil Kanalı vasitəsilə həyata keçirilir.

Son illər havaların quraq keçməsi səbəbindən əkin sahələrinin suvarılması üçün istifadə olunan təbii mənbələrdə suyun azalması, həmçinin Tovuzçay və Axıncaçay su anbarlarında su ehtiyyatlarının yığılmaması səbəbindən rayonun təsərrüfatlarının suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklər yaşanır. Bu baxımdan təsərrüfatların suvarma suyu ilə təminatının qismən yaxşılaşdırılması üçün Ağstafa HQİİ-nin Sağ Sahil Kanalının xidmətindən daha səmərəli istifadə olunması, Kür çayı üzərində quraşdırılmış nasos qurğularının və daşıyıcı su kəmərlərinin həmişə işlək vəziyyətdə saxlanılması zəruridir.

Hazırda rayon ərazisində yaz-tarla işlərinə hazırlıq işləri gedir. Əkinlərin dayanıqlı su təminatının yaradılması günün tələbidir. Bu məqsədlə 1981-ci ildən istismar olunan üçpilləli nasos stansiyalarında və su kəmərlərində əsaslı və cari təmir işlərinin aparılmasına, arxların  təmizlənərək qaydaya salınmasına başlanmışdır. 

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Kür çayı üzərində quraşdırılmış üçpilləli nasos stansiyasında olmuş və yerində təmir-bərpa işlərinin gedişi,   liltəmizləmə qurğusunun yenilənməsi prosesi ilə tanış olmuşdur. Qeyd olunmuşdur ki,   rayonun əkin sahələrinin  suvarma suyu ilə təmin edilməsində Kür çayı üzərində quraşdırılmış üç pilləli nasos stansiyası mühüm rol oynayır. Bu böyük qurğunun fasiləsiz işləməsi məqsədilə bütün zəruri tədbirlər vaxtında görülməli, xüsusilə havaların quraqlıq keçdiyi və təbii mənbələrdə su olmadığı bir şəraitdə nasos stansiyası daim işlək vəziyyətdə saxlanılmalıdır.

M.Məmmədov kənd təsərrüfatı məhsulları istehsalçılarının fasiləsiz suvarma suyu ilə təmin olunması üçün əlavə tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermiş,  eyni zamanda suvarma məsələləri ilə bağlı müraciətlərə həssas yanaşılması, suyun ədalətli bölgüsü, müasir suvarma metodlarının tətbiqi və nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Keçidlər