Tovuz rayon İcra Hakimiyyətinin başçısı Şəhid ailələri ilə görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Əliyev Əmrah Ürfət oğlunun və Əliyev Asim Nuru oğlunun ailə üzvləri ilə görüşüb.
Görüş zamanı Tovuz RİH başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarlar qəbul edilib. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Şəhid ailələrinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.
Şəhid valideyinləri Zahidə Əliyeva və Nuru Əliyev ailələrinin sosial vəziyyəti, məşğuliyyəti və qayğıları barədə məlumat vermiş, Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş övladlarının xatirəsinə yüksək ehtiram göstərildiyinə, həmişə yad olunduqlarına görə razılıqlarını ifadə etmişlər.
Hər iki şəhidin ailə üzvlərinin məşğuluğunun təmin edilməsi və digər zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.