İşğaldan azad edilən torpaqlarımızın bərpası prosesi başlanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Dövlət başçısının işğaldan azad olunmuş rayonlara budəfəki səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi.
Səfər Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması ilə başladı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.
Zəngilana gedərkən avtomobili özü idarə edən ölkə rəhbəri söylədi ki, işğaldan azad edilmiş torpaqların bərpası prosesi artıq başlayıb. İlk “ağıllı kənd” layihəsi də məhz Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək.
Dövlət başçısına “ağıllı kənd” layihəsi barədə məlumat verilərək bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Daha sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Laçın rayonuna yola düşdülər.Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan ölkə rəhbəri terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastruktur obyektlərini dağıtdıqlarını qeyd etdi.
“Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün, nə gözəl çaydır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik”. Prezident və xanımı Laçına məhz bu sözlərlə daxil oldular.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Sonra Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi və stansiyanı işə saldı.
Dövlət rəhbərinin tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.
“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisə kimi qeyd olunmalıdır. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihədir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyini və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş bütün torpaqlarımızda bərpaolunan enerji növlərinin və yerlərinin müəyyənləşdirilməsi prosesinə başlanması üçün göstəriş verib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.
Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.
Ardınca dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər. Ermənilər tərəfindən ekoloji terrora məruz qalmış qoruqda çinar ağacları əkdilər, Bəsitçaya balıq buraxdılar.
Son olaraq İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə gəldilər. Burada Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirilir. Bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, ölkə başçısının budəfəki səfərində reallaşdırılan ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsinin şahidi olduq. İşğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlanıldığından xəbər verir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğunu, xalqımızın öz torpaqlarına artıq əbədi döndüklərini növbəti dəfə bütün dünyaya açıq şəkildə bəyan etdi.
Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcək. Ərazi bütövlüyümüzü bərpa edən İlham Əliyev ən qısa zamanda Qarabağı da cənnətə çevirəcək.