Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzeti: Tovuzdan iki xəbər

13 fevral 2021 | 16:00

Kartof səpini başladı

Hələ bir neçə il öncə Tovuz rayonunda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilmiş, bu sahədə ixtisaslaşmış fermerlər qrupu yaradılmış, müasir texnologiyaların tətbiqinə başlanılmış və faraş kartofçuluğun inkişafı üçün tədbirlər planı müəyyənləşdirilmişdir.

Qeyd edək ki, kartofçuluq Tovuz rayonunun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Keçən il rayonda 6748,7 hektarda kartof əkilmiş, 174 min 453,5 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülmüşdür.

Rayonun təsərrüfatlarında artıq kartof səpininə start verilmişdir. Bu işin mütəşəkkilliyini təmin etmək üçün mütəxəssislər tez-tez əkin sahələrində olur, fermerlərlə məsləhətləşmələr aparırlar. Elə bu günlər rayon rəhbərliyi və bir qrup mütəxəssis ən çox kartof əkilən Dönük Qırıqlı və Əyyublu kəndlərində olmuş, kartof sahələrində fermerlərlə görüşmüşlər. Kartof səpininin gedişi ilə yerində tanış olan mütəxəssislər fermerləri maraqlandıran sualları cavablandırmış, əkinin müasir üsullarla təşkil olunması, innovativ tədbirlərin tətbiq olunması, aqrotexniki qaydalara riayət olunması barədə tövsiyələr vermişlər.

Barama istehsalçıları üçün təlimlər keçirilir

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi də prioritet vəzifələr sırasındadır.

Tovuz rayonunda da kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişafı üçün tədbirlər həyata keçirilir. İlkin olaraq ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində 30 mindən artıq tut tingi əkilmişdir.

2020-ci ildə 8,9 ton yaş barama tədarük edən rayon kümçüləri bu il daha yüksək nəticə əldə etməyi qarşılarına məqsəd qoymuşlar. Buna nail olmaq üçün mütəxəssislər tərəfindən onlara daim dəyərli məsləhətlər verilir. Elə bu günlər Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində barama istehsalında məhsuldarlığın artırılması ilə bağlı videoformatda təlimlərə başlanılmışdır. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri barama istehsalının səmərəli təşkili, tutipəkqurdunun aqrozootexniki qaydalara uyğun bəslənməsi, tutipəkqurdu xəstəliklərinə qarşı səmərəli mübarizə tədbirləri, tutipəkqurdunun yem bazasının yaxşılaşdırılması, çəkil bağlarına qulluq işlərinin təşkili və s. mövzularda yerli fermerlərə dəyərli məsləhətlər verilir.

Həftədə 4 dəfə keçiriləcək tədbirlərə bu ay 40 kümçünün cəlb olunması nəzərdə tutulur.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər