Tovuzda turizmin təbliği məqsədilə sayt yaradılıb
Tovuzda rayonun turizm potensialının təbliği məqsədilə yaradılmış sayt istifadəyə verilib. Qeyd edək ki, Tovuz rayonu turizm-rekreasiya ehtiyatları və onlardan istifadə imkanları ilə olduqca zəngindir. Rəngarəng təbii şəraitə, müxtəlif landşaftlara malik olan, həm düzənlik və həm də dağlıq relyefə, şaquli qurşaqlıq üzrə bir-birindən kəskin fərqlənən iqlim tiplərinə, müalicəvi su ehtiyatlarına, əlverişli nəqliyyat infrastrukturuna, ekoloji təmiz ətraf mühitə və təbii turizm-rekreasiya ehtiyatlarına malikdir.
Tovuz rayonu tarixi, mədəniyyət və təbii abidələrlə də çox zəngindir. Rayonda VI-VII əsrə aid alban məbədləri, alman məskənləri, tunc, dəmir və erkən orta əsrlər dövrünə aid arxeoloji, tarixi və mədəniyyət abidələri, Yanıqlı kəndində yerləşən XVII əsrə aid “Şah Abbas” məscidi, “Göytəpə” Arxeoloji yaşayış məskəni, Vahidli kəndində yerləşən “Sultan körpüsü”, Yuxarı Öysüzlü kəndində XIX əsrə aid Nəsib bəy və Usub bəy qardaşlarının yaşayış evləri, Əsrik çayının sol sahilində bizim eradan IV əsrə aid Alban məbədi və Qala divarları və. s bu günə qədər saxlanılmışdır.
Rayonun “Qədim İpək Yolu”nun üzərində yerləşməsi xarici turistlərin dəmir yolu və avtomobil nəqliyyat vasitələri ilə turizm məkanına səfər etmələrini asanlaşdırır. Qovlar şəhərindən Gədəbəy rayonunun Saratovka kəndi istiqamətində tarixi Xınna dərəsindəki Alakol kəndində şəhərgah, XII əsrə aid türbələr, Qəribli və Abdal kəndlərində orijinal arxitekturaya malik qədim alban məbədləri mühafizə olunur. Eyni zamanda “Çinarlı”, “Sınaqlı”, “Haçaqaya” kimi bir sıra ziyarətgah və pirlər də mövcuddur.
Rayonun turizm potensialını, o cümlədən tarix və mədəniyyət abidələrinin təbliği məqsədilə Avropa İttifaqı (Aİ) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində yaradılmış http://www.visit-tovuz.az/ internet saytı artıq istifadəyə verilib. Sayt vasitəsi ilə rayonda fəaliyyət göstərən istirahət mərkəzləri, rayonun milli yeməkləri, keçirilmiş tədbirlər, milli adət-ənənələrimiz və gəzməli-görməli yerlər haqqında ətraflı məlumatlar almaq mümkündür.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri