Tovuzda barama istehsalında məhsuldarlığın artırılması ilə bağlı videofarmatda təlimlər keçirilir
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Tovuz rayonunda da kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. İlkin olaraq ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində otuz mindən artıq tut tingi əkilmişdir. 2020-ci ildə 8,9 ton yaş barama tədarük olunaraq “Azərİpək” MMC-yə təhvil verilmişdir.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində barama istehsalında məhsuldarlığın artırılması ilə bağlı videofarmatda təlimlərin keçirilməsinə başlanıb. Təlimlərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin barama istehsalının səmərəli təşkili ilə bağlı 2021-ci il üzrə Təlim Planına əsasən tutipəkqurdunun aqrozootexniki qaydalara uyğun bəslənməsi, tutipəkqurdu xəstəliklərinə qarşı səmərəli mübarizə tədbirləri, tutipəkqurdunun yem bazasının yaxşılaşdırılması, çəkil bağlarına qulluq işlərinin təşkili mövzularında yerli fermerlərə bilgilər veriləcək.
Təlimlərə həftədə 4 dəfə olmaqla fevral ayı ərzində 40 nəfər Tovuzlu fermerin cəlb olunması nəzərdə tutulur.
Təlimin ilk günündə “Tutipəkqurdunun aqrozootexniki qaydalara uyğun bəslənməsi” mövzusunda aparılan maarifləndirmə işləri kümçülərin marağına səbəb olmuş və onları maraqlandıran suallar cavablandırılmışdır.