Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Səhiyyə sahəsində qazanılmış uğurlar və yeni hədəflər
Son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib.
Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları yüksəkdir.
Prezident İlham Əliyev: 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi.
Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.
Prezident İlham Əliyev: 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik.
O zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib.
Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir.
Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir.
Müasir xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə imkan verib.
Pandemiyaya qarşı tədbirlər:
• Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya əvvəlcədən hazır olub.
• Əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər.
• Modul tipli 13 xəstəxana quraşdırılıb.
• Pandemiyaya qarşı mübarizə apararkən insanlara çətinliklər yaradılmaması üçün çox həssas davranılıb.
• Pandemiyanın ilk günlərindən işlər düzgün aparılıb, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub.
• 4 milyon doz vaksin sifariş edilib və Azərbaycana gətirilməsi təmin edilib.
• Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.
• “Qallap” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
• Həm beynəlxalq təşkilatlar, həm də ölkə əhalisi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir.
• Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.
• Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib.
Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.
Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub.
Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb.
Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.
Prezident İlham Əliyev: COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır.
Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırıb.
Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir.
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparır və bundan sonra da öz səsini daim ucaldacaq.
Pandemiya şəraitində müşahidə olunan ədalətsizliklər:
• Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərinin 53 faizini sifariş ediblər;
• “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər;
• Dünyanın aparıcı media qurumlarına bu məlumatları gündəmdə saxlamaq sərf etmir;
• Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyən Kanada öz əhalisinin sayından dörd dəfə çox – 154 milyon əhali üçün vaksin sifariş edib;
• Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir;
• Kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür;
• Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə aparır.
Prezident İlham Əliyev: Biz neomüstəmləkəçilik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik.
Neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur.
Azərbaycan Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib.
Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verilir.
Erməni faşizminin fəsadları
Ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bilməlidirlər ki:
• Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb;
• Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır;
• Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur;
• Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdə ev qalıb. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edilib;
• Yol boyunca kəndlərin bütün binaları dağıdılıb, talan edilib;
• Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar.
Prezident İlham Əliyev: Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar.
İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir.
Erməni vandalizminin səbəbləri:
• Hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini görə bilməyiblər.
• Erməni faşist ideologiyasının daşıyıcılarının ürəyində azərbaycanlılara qarşı düşmənçilik var.
Prezident İlham Əliyev: Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev: Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik.
Prezident İlham Əliyev: Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik.
Prezident İlham Əliyev: İllər keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik.
Azad edilmiş torpaqlarla bağlı hədəflər
Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb.
Bütün təkliflər, bütün təşəbbüslər qərargaha göndərilməlidir.
Prezident İlham Əliyev: Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.
Azad olunmuş torpaqlarda görüləcək işlərin ardıcıllığı:
• Minalardan təmizləmə aparılır. Bu, böyük prosesin aparılması məqsədilə ANAMA yenidən qurulur.
• Minalar təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq təzminat davasında uğur qazanılmayacaq.
• Beynəlxalq şirkətlər özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
• “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır.
• Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək.
• Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək.
• Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək.
Şuşanın ərazisi 300 hektardır. Birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir.
Bərpa zamanı mütəxəssislərin rəyi nəzərə alınacaq.
Şuşada tarixi binaların bərpası, “xruşşovkalar”ın yerində müasir 4-5 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidirlər.
Prezidentin məmurlara xəbərdarlığı
Şuşa şəhəri Azərbaycan Prezidenti tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib.
Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir.
Şuşanı zəbt etmək istəyənlərin siyahısı:
• Mərkəzi Bankın sədrinin təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirməsi özbaşınalıqdır.
• “Azəravtoyol”un rəhbəri Şuşada qurumunun regional mərkəzini açmaq üçün Prezidentə müraciət edib. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var?
• AZAL-ın rəhbəri də müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur.
• Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?
• Fövqəladə hallar naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət edib.
• Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da yaratmaq istəyir. A kişi, Şuşada sərhəd var? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da.
• Hamısı dövlət hesabına Şuşada özlərinə rezidensiya inşa etdirmək, bu işə pullar israf etmək, özləri üçün şərait yaratmaq, o torpağı zəbt etmək istəyirlər.
Prezident İlham Əliyev: Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün açıqlamalar verilməsi tamamilə qəbuledilməzdir.
Prezident İlham Əliyev: Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz.
Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar.
Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir.
Məmurlar həmişə Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər.
Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız , cəzasız qalmayacaq.
Prezident İlham Əliyev: Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər.
Prezident İlham Əliyev: Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!
Prezident İlham Əliyev: Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.
İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.
Prezident İlham Əliyev: Artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu.
Prezident İlham Əliyev: Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır.
Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin.