Tovuzda 2 fevral - Gənclər Günü münasibətilə videoformatda tədbir keçirilmişdir
Tovuzda 2 fevral-Gənclər Günü münasibətilə videoformatda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə gənclər və idman idarəsinin, gənclər evinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, ayrı-ayrı idarə və müəssisələrin məsul işçiləri, YAP fəalları, Vətən müharibəsinin iştirakçısı olan gənclər, könüllülər iştirak etmişdir.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Məmməd Məmmədov qeyd etmişdir ki, 2 feval gününün “Gənclər Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir. Məhz onun rəhbərliyi ilə həyata keçirilən davamlı tədbirlər,uğurla icra olunan dövlət proqramları gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin aşılanması öncə 2020-ci ilin iyul ayında düşmənin dövlət sərhəddinin Tovuz rayonu istiqamətində yaratdığı təxribatın qarşısının alınmasında, bundan sonra isə 27 sentyabr tarixindən başlayan 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunmuş gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Neçə-neçə qəhrəman əsgərlərimiz vətənin azadlığı uğrunda həyatından keçərək şəhidlik zirvəsinə ucaldılar. Neçə-neçə igidlərimiz sağlamlığını qismən itirdilər. Şəhidlərimizin hər birinin adı Azərbaycanın əldə etdiyi bu Zəfər tarixinə əbədi olaraq yazıldı. Xalqımız həmişə onların əziz xatirəsini uca tutacaqdır.
Təbii ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şanlı Azərbaycan Ordusunun sıralarında tovuzlu gənclər də döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirmişlər. Onlardan 66 nəfəri şəhid olmuş, 200 nəfərdən çoxu yaralanmışdır.
Vətən qarşısında xidmətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülən hərbi qulluqçular sırasında tovuzlu gənclər də çoxdur. Bu gün qürur hissi ilə deyə bilərik ki, həmyerlilərimiz kiçik gizir Əhmədov Yaşar Mirağa oğlu və kiçik gizir Cabbarov Orxan Rövşən oğlu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına, kapitan Tağıyev Cavid Aydın oğlu “Zəfər” ordeninə, polkovnik-leytenant Tağıyev Samir Nəsrəddin oğlu, leytenant Mehdiyev Rəşad Fəxrəddin oğlu və baş gizir Yusifov Mehman Musa oğlu (ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülmüşlər. Bundan başqa döyüş əməliyyatlarında fərqlənən yüzlərlə tovuzlu gənc müxtəlif medallar və fəxri adlarla təltif olunmuşlar. Ona görə də biz bu il müstəqillik tariximizdə ilk dəfə olaraq “Gənclər günü”nü ərazisi tam bərpa olunmuş müstəqil Azərbaycanın gəncləri olaraq qeyd edirik. Qarşıda bizi, xüsusi ilə gənclərimizi çox böyük vəzifələr gözləyir. Bundan sonra da möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həm ölkəmizdə aparılan quruculuq işlərində, həm də vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində iştirak etmək hər bir gənc üçün şərəf və qürur mənbəyi olmalıdır.
M.Məmmədov rayon gənclərini 2 fevral-Gənclər Günü münasibəti ilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Videoformatda keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, YAP Tovuz rayon təşkilatının gənclər birliyinin sədri Nihat Pənahov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin müəllimi Turanə Nəsibova, Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü çıxış etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekunlaşdırmışdır.
Tədbirin davamı olaraq Heydər Əliyev Mərkəzində gənclərin bir qrup nümayəndəsi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.