Bir vaxtlar 120 min ton üzüm verən Tovuz əvvəlki ənənəsini bərpa etmək niyyətindədir
Məmməd Məmmədov Tovuza rəhbər təyin olunduğu vaxtdan ən çox diqqət yetirdiyi sahələrdən biri də üzümçülüyün inkişaf etdirilməsidir.
İcra hakimiyyətinin başçısı ən müxtəlif yığıncaqlarda, müşavirələrdə, fermerlərlə vaxtaşırı görüşlərində, üzüm sahələrində adamlarla apardığı söhbətlərdə dönə-dönə qeyd edir ki, Tovuzda üzümçülüyün əvvəlki şöhrətini bərpa etmək lazımdır və buna imkan da var, şərait də. Belə bir vacib məsələ diqqətə çatdırılır ki, vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. O, 1969-cu ildə respublika rəhbərliyinə gələndə Azərbaycanda cəmi 272 min ton üzüm məhsulu istehsal olunurdu. Lakin sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdü. Nəticədə aqrar-sənaye kompleksi inkişaf etmiş, kənd əhalisinin həyat səviyyəsi xeyli yüksəlmişdi. Elə Tovuzun özündə 10 min hektara yaxın sahədə üzüm plantasiyaları salınmışdı və illik məhsul istehsalı 120 min tona çatırdı. Rayon ərazisində 12 şərab emalı zavodunun fəaliyyət göstərməsi də sahənin necə sürətlə inkişafından xəbər verirdi.
Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş İttifaqın rəhbərliyi tərəfindən alkaqolizmə qarşı aparılan uğursuz mübarizə kampaniyası çərçivəsində Azərbaycana böyük ziyan dəydi. Min-bir zəhmət hesabına, illər boyu əziyyətlə salınmış və becərilmiş məhsuldar üzüm bağları məhv edildi, insanlar bu gəlir mənbələrindən məhrum olundular…
"-2011-ci ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Onun hər bəndində bu gəlirli sahənin inkişafına diqqət və qayğı əks olunub. Ona görə də gərək Tovuzda üzümçülüyün inkişafı üçün təxirəsalınmaz tədbirlər görək…”
Bir neçə il qabaq üzümçülərin rayon müşavirəsində Məmməd Məmmədovun dediyi bu sözlər adamların həmin sahədə səfərbər olunmasına imkan yaratdı. İcra hakimiyyəti geniş tədbirlər planı, başqa sözlə, yol xəritəsi yaratdı. Dövlət Proqramının üzümçülüyün inkişafı ilə bağlı qarşıya qoyduğu bir sıra məqsədyönlü vəzifələr həyata keçirildi, torpaq mülkiyyətçiləri arasında geniş maarifləndirici işlər aparıldı. İzah olundu ki, kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan üzümçülük və şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir.
Nəhayət, bu sahəyə diqqətin və qayğının artırılması öz səmərəsini verməyə başlayıb. Hazırda Tovuzda 794 hektar üzüm bağı vardır ki, bunun da 720 hektarı məhsul verən bağlardır. Üzüm bağlarının 654 hektarı süfrə, 140 hektarı texniki üzüm sortlarıdır. Keçən il rayonda 17min 712 ton üzüm istehsal olunmuşdur. Məhsulun bir hissəsi rayonda fəaliyyət göstərən soyuducularda saxlanılmış, qalan hissəsi daxili bazarlarda satılmışdır. Texniki sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən rayonda fəaliyyətə başlayan üzüm emalı müəssisəsinə təhvil verilmişdir. Lakin bu da son hədd deyil. Hazırda hədəf rayonun vaxtilə bu sahədəki göstəricilərinə yaxınlaşmaqdır.
…Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov üzüm bağlarında olmuş və sahələrdə aparılan becərmə işləri ilə tanış olmuşdur. Üzüm bağlarında aparılan budama işlərini müşahidə edən rayon rəhbəri üzümçülüyün inkişafı və iqtisadi səmərəsi ilə bağlı fermerlərlə fərdi söhbətlər aparmış, intensiv üsulla salınan üzüm plantasiyalarının genişləndirilməsinin zəruriliyini bir daha tövsiyə etmişdir. Hiss olunur ki, Tovuz üzümçüləri öz məqsədlərinə çatmaq üçün bütün imkanlarını işə salıblar.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri