Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.
Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.
Məlumat verildi ki, təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.
Həyətyanı sahəsində geniş abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri aparılan məktəb üçün yeni qazanxana, nasosxana və yeraltı su anbarları inşa edilib.
Qeyd edək ki, məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.
Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır.