Tovuz rayon İcra Hakimiyyətinin başçısı Ağdam kəndində şəhidlərin məzarını ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ağdam kəndində şəhidlərin məzarlarını ziyarət edib. Şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə tər güllər düzülüb.
Şəhid ailələri ilə söhbət zamanı Məmməd Məmmədov qeyd edib ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində sərhəd ərazilərinə hücumundan və Ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi yaşanır. Mənfur düşmən növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi. Sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və düşmən üzərində tarixi Qələbə əldə olundu.
İkinci Qarabağ müharibəsində tovuzlu hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak edərək hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirdilər. Onların sırasında şəhidlik zirvəsinə yüksələn Ağdam kənd sakini Yusifov Elburus Şəmsi oğlu da vardır. Bütövlükdə burada uyuyan şəhidlərimizin hamısının keçdiyi həyat yolu gənc nəsil üçün örnəkdir. Şəhidlərimizin əziz xatirələri xalqımızın yaddaşında daim yaşayacaq və həmişə ehtiramla yad ediləcəkdir.
Söhbət zamanı şəhid ailələrinin üzvləri son otuz ildə müharibə şəraitində yaşadıqlarını, çox əziyyətlər çəkdiklərini, lakin bir gün belə doğma kəndlərini tərk etmədiklərini və tarixi Zəfər Günündən sonra dinc həyata döndüklərinin qeyd etdilər. Münaqişə dövründə ağrılı-acılı günlər yaşayan ağdamlılar öz ata-babalarının qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətənin müdafiəsi üçün layiqli övladlar böyüdüb, həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətli olublar. Ağdam kəndindən olan gənclər bundan sonra da Ali Baş Komandanın bir əmri ilə Vətən uğrunda səfərbər olmağa hazırdırlar.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat vermişdir.