Tovuz rayon İcra Hakimiyyətinin başçısı Alakol kəndində şəhidlərin məzarını ziyarət etdi
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Alakol kəndində Vətən müharibəsində şəhid olmuş Ələsgərov Sənan Əkram oğlunun, Hüseynov Cavid Hümbət oğlunun və İsmayılzadə Müşviq Xanlar oğlunun məzarlarını ziyarət etmişdir. Şəhidlərin ruhlarına dualar oxunmuş və məzarları üzərinə tər güllər düzülmüşdür.
Şəhid valideyinləri ilə söhbət zamanı rayon rəhbəri Məmməd Məmmədov qeyd edib ki, 2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edilib və düşmən üzərində tarixi Qələbə əldə olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində tovuzlu hərbi qulluqçular da Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak edərək hərbi qulluq vəzifələrini şərəflə yerinə yetiriblər. Onların sırasında bu gün məzarlarını ziyarət etdiyimiz şəhidlərimiz Sənan Ələsgərov, Cavid Hüseynov və Müşviq İsmayılzadə də vardır. Onların həyat yolu, vətənpərvərliyi, xalqımıza və dövlətimizə sədaqəti bütün gənclərimiz üçün örnəkdir. Şəhidlər xalqımızın yaddaşında Qəhrəman əsgərlər kimi daim yaşayacaq, əziz xatirələri həmişə ehtiramla anılacaqdır.
Övladlarının Vətən qarşısında xidmətlərindən qürur hissi keçirdiklərini dilə gətirən şəhid valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmişlər.