Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda üzümçülüyün inkişafı rayon İcra Hakimiyyətinin başçısının diqqət mərkəzindədir

22 yanvar 2021 | 16:00

Kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan üzümçülük və şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir.

Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. O cümlədən Tovuz rayonunda 10 min hektara yaxın sahədə üzüm plantasiyaları salınmış və illik məhsul istehsalı 120 min tona çatdırılmışdır. Rayon ərazisində 12 şərab emalı zavodu fəaliyyət göstərmişdir.

Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilmiş, insanlar bu gəlir mənbələrindən məhrum edilmişlər.

Nəhayət 15 dekabr 2011-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilmiş və icra olunmuşdur.

Dövlət Proqramının icrası çərçivəsində Tovuz rayonunda da üzümçülüyün inkişafı ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, rayonumuz üçün ənənəvi olan bu sahənin dirçəldilməsi ilə bağlı torpaq mülkiyyətçiləri arasında geniş maarifləndirici işlər aparılmış, üzümçülüyün iqtisadi səmərəliliyi təşviq olunmuş və real nəticələrə nail olunmuşdur. Hazırda Tovuzda 794 hektar üzüm bağı vardır ki, bunun da 720 hektarı məhsul verən bağlardır. Üzüm bağlarının 654 hektarı süfrə, 140 hektarı texniki üzüm sortlarıdır. Keçən il rayonda 17712 ton üzüm istehsal olunmuşdur. Məhsulun bir hissəsi təzə tər şəkildə istehlakçılara çatdırılması üçün rayonda fəaliyyət göstərən soyuducularda saxlanılmış, qalan hissəsi daxili bazarlarda satılmışdır. Texniki sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən rayonda fəaliyyətə başlayan üzüm emalı müəssisəsinə təhvil verilmişdir.

Bu günlərdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov üzüm bağlarında olmuş və sahələrdə aparılan becərmə işləri ilə tanış olmuşdur. Üzüm bağlarında aparılan budama işlərini müşahidə edən rayon rəhbəri üzümçülüyün inkişafı və iqtisadi səmərəsi ilə bağlı fermerlərlə fərdi söhbətlər aparmış, intensiv üsulla salınan üzüm plantasiyalarının genişləndirilməsinin zəruriliyini tövsiyə etmişdir.

Tovuzda Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzümçülüyün daha da inkişaf etdirilməsi və emal sənayesinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Üzümçü fermerlər dövlətimizin bu sahəyə qayğısından bəhrələnərək Tovuz rayonu üçün ənənəvi olan üzüm sahələrinin daha da genişləndirilməsi, məhsuldar sortlar yetişdirilməsi və ixrac yönümlü istehsalın daha da artırılması əzmindədirlər.

Keçidlər