Tovuzda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar şəhidlərimiz anılmışdır
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər şəhidlərimizin xatirəsinin anılmasına Əlimərdanlı və Düz Qırıqlı kəndlərində 20 Yanvar şəhidlərinin rəmzi abidələrinin ziyarət ilə başlamışlar. Sonra mərasim iştirakçıları Qovlar şəhərində şəhidlərin məzarlarını ziyarət etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər. Tədbir Tovuz şəhərindəki Şəhidlər Xiyabanında davam etdirilmişdir. Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsinin önünə gül dəstələri qoyulmuş və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilərək ruhlarına dualar oxunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin üzvləri ilə söhbət etmiş, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, Vətən uğrunda şəhid olmuş oğullarımızın qisasının alındığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Vətən uğrunda şəhid olanların xatirəsi xalqımız və dövlətimiz tərəfindən hər zaman uca tutulur.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.