Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: rayon rəhbərinin istixanalara gəlməsi istehsalçıları ruhlandırdı...

18 yanvar 2021 | 16:00

Son illər Tovuzda kənd təsərrüfatının əksər sahələri üzrə yüksək göstəricilər əldə olunur. Tovuzlu fermerlər ötən il də bir sıra uğurlara imza atmışlar. Bu baxımdan istixana şəraitində məhsul yetişdirmək istəyən kənd təsərrüfatı istehsalçılarının sayı ildən-ilə artır. Nəticədə bu il 44,5 hektar sahədə quraşdırımış istixanalarda keyfiyyətli pomidor məhsulu yetişdirilmiş və məhsulun xarici bazarlara ixrac olunması nəzərdə tutulmuşdur. Lakin bu yaxınlarda Rusiyaya pomidor ixracında yaranmış çətinliklər onları çıxılmaz vəziyyətdə qoymuşdur.

Bütün bunları nəzərə alan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov müvafiq qurumların nümayəndələri ilə birlikdə bu günlərdə istixanalara baş çəkmiş və sahibkarlarla görüşmüşdür. Görüş zamanı istixanalarda becərilən pomidor məhsulunun tədarükü, qablaşdırılması və satışının təşkili sahəsində mövcud olan vəziyyət müzakirə olunmuşdur. Xarici bazarlara çıxarmaq məqsədilə istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, becərmə işlərinin düzgün təşkili, aqrotexniki tədbirlərin normativlərə uyğun aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin effektivliyinin yüksəldilməsi barədə sahibkarlara lazımi tövsiyələr verilmişdir. Eyni zamanda məhsulun satışında müşahidə olunan çətinliklərin aradan qaldırılması və dayanıqlı marketinq xidmətinin təşkili barədə təkliflər səslənmişdir.

Görüş zamanı Tovuzda pomidor istehsalçıları və ixracatçıları birliyinin yaradılmasının zəruri olduğu da qeyd olunmuşdur. Rayon rəhbəri demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə belə xoşagəlməz hallarla üzləşməmək üçün yeni bazarların axtarılmasının vacibliyi qeyd olunmuşdur. Ona görə də alternativ bazarların tapılması istiqamətində bizim rayonda da işlər davam etdirilməlidir.

İcra hakimiyyətinin başçısını istixanalarda aparılan işlərlə tanış edən sahibkarlar məhsulun ixracında müşahidə olunan çətinliklərə görə ruhdan düşmədiklərini, bu sahədə vəziyyətin tezliklə düzələcəyinə ümid etdiklərini bildirmişlər.

 

Hamlet Qasımov,

"Xalq qəzeti"nin bölgə müxbiri

Keçidlər