Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Əyyublu kəndində şəhidlərin məzarını ziyarət etdi

14 yanvar 2021 | 01:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Əyyublu kəndində şəhid Mirzəyev Ceyhun Zirəddin oğlunun və Qurbanov Vahid Elşad oğlunun məzarlarını ziyarət etmişdir. Şəhidlərin ruhlarına dualar oxunmuş və məzarları üzərinə tər güllər qoyulmuşdur.

Şəhid valideyinləri ilə söhbət zamanı rayon rəhbəri Məmməd Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında, otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsində,  düşmənin silahlı qüvvələrinin darmadağın edilməsində hər bir şəhidimizin çox böyük şücaəti, mərdliyi və cəsurluğu olduğunu vurğulamışdır. Qısa müddət ərzində tarixi Qələbəyə nail olan rəşadətli Azərbaycan Ordusunun cəsur əsgərlərindən olan Ceyhun Mirzəyev və Vahid Qurbanov Vətən uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmışlar. Onların həyat yolu, vətənpərvərliyi, xalqımıza və dövlətimizə sədaqəti bütün gənclərimiz üçün örnəkdir. Şəhidlər xalqımızın yaddaşında Qəhrəman əsgərlər kimi daim yaşayacaq, adları Azərbaycanın Zəfər səlnaməsinə əbədi olaraq həkk ediləcək, əziz xatirələri həmişə ehtiramla anılacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasında Ceyhun Mirzəyevi “Vətən uğrunda” medalı ilə və Vahid Qurbanovu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdir.

Övladlarının Vətən qarşısında xidmətlərindən qürur hissi keçirdiklərini dilə gətirən  Zirəddin Mirzəyev və Elşad Qurbanov dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmişlər.

 

Keçidlər