Tovuz: Müharibə qəhrəmanının evində
“Bilirsiniz adamın qəlbini nə qürurlandırır? Sizin hər birinizin cənab Prezidentimizə hədsiz sədaqəti, inamı və məhəbbəti! Tovuzda hansı qazi evinə gedirəm, ağzından çıxan ilk kəlmə “cənab Ali Baş Komandanın əmri ilə istənilən vaxt yenidən döyüşməyə hazıram”! sözləri olur. Sizin hər birinizdə Vətənə məhəbbət, torpağa bağlılıq o qədər güclüdür ki, heç bir düşmən bizi məğlub edə bilməz. Vətən müharibəsindəki qələbəmiz bunu bir daha sübut etdi”.
Bu sözləri Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Xatınlı kəndində Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədovun evində olarkən deyib. Rayon rəhbəri tovuzlu qəhrəmanı təbrik edib və ona qiymətli hədiyyə verib.
Yaşar Əhmədov ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Əhmədov Yaşar Mirağa oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri