Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda suvarma suyundan qənaətlə istifadə olunur

07 yanvar 2021 | 16:00

Tovuz rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri də taxılçılıqdır. Cari mövsümdə rayon ərazisində 13335 hektar sahədə taxıl əkilmişdir. Payızlıq əkinlərin 11859 hektarı buğda, 1476 hektarı isə arpadır. Taxıl sahələrinin 9805 hektarı suvarılan, 3530 hektarı isə dəmyələrdir.

Ötən il havaların quraqlıq keçməsi və illik yağıntının normadan aşağı olması səbəbindən çaylarda və rayon ərazisindəki Axıncaçay və Tovuzçay su anbarlarında su ehtiyatları kifayət qədər deyildir.

Hazırda əkin sahələrinin suvarılması üçün əsasən Kür çayı üzərində quraşdırılmış III pilləli nasos stansiyasının gücündən istifadə olunur. Kür çayından Ağstafa Sağ Sahil kanalına vurulan suvarma suyu mövcud əkinlərin hektarına uyğun qaydada rayonun təsərrüfatları arasında bölünür. Fermerlər suvarma suyundan qənaətlə istifadə edirlər. Taxıl sahələrində gecə suvarmaları təşkil olunur. İndiyədək 8437 hektar sahədə suvarma işləri aparılmışdır ki, bu da suvarılan torpaqlarda aparılmış əkinlərin 86 faizini əhatə edir.

Sahələrdə becərmə işləri aqrotexniki qaydalara uyğun aparılır və yaxın vaxtlarda bütün sahələrdə suvarma işlərinin başa çatdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının, xüsusilə taxılçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan tovuzlu fermerlər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etmək və cənab Prezidentin bu sahənin inkişafı ilə bağlı çağırışlarına əməli işləri ilə cavab vermək əzmindədirlər.

Keçidlər