Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib.

16 oktyabr 2015 | 15:00

Şura iclasında rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun hesabat məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, cari ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 8,5 faiz artıb. Bu artım kənd təsərrüfatında 5,3 faiz, sənayedə 7,8 faiz, ticarət və xidmət sahələrində 9,1 faiz, nəqliyyatda 7,2 faiz, rabitədə 9,1 faiz, tikintidə 29 faiz təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9,1 faiz artıb.
Diqqətə çatdırılıb ki, bu mövsümdə 9 min 855 hektar buğda, 1286 hektar qarğıdalı və digər dənli bitkilərin biçini aparılıb və 31 min 390 ton taxıl, 6122 ton qarğıdalı istehsal olunub. Taxılın məhsuldarlığı hər hektardan 31,9 sentner təşkil edib ki, bu da ötən ildəkindən 0,5 sentner çoxdur.
Ötən illə müqayisədə taxıl istehsalı 440 ton, kartof 8 min 904 ton, tərəvəz 3 min 703 ton, meyvə 159 ton, üzüm 960 ton çox olub. Rayonda toxumçuluğu inkişaf etdirmək üçün 6 özəl toxumçuluq təsərrüfatı yaradılıb və onlar tərəfindən 700 tona yaxın toxum istehsal edilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 439 baş, qoyun-keçilərin sayı 2001 baş artıb. Bu dövrdə ət istehsalı 4 faiz, süd istehsalı 2,1 faiz, yun istehsalı 5,3 faiz, yumurta istehsalı 4,8 faiz çox olub.
Bildirilib ki, rayonda kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülür. Tovuzçay su anbarının tikintisi artıq başa çatıb və indiyədək anbarda 11 milyon kubmetr su toplanılıb. Bununla da 20 min hektar torpağın suvarılması yaxşılaşdırılacaq və 300 hektar yeni torpaq sahəsinin suvarılmasına imkan yaranacaq. Eyni zamanda, cari ildə rayonda 12 yeni subartezian quyusunun qazılması nəzərdə tutulur ki, bunların da 5-də hazırda qazma işləri başa çatıb.
İclasda rayonda tikinti-quruculuq sahəsində əldə olunan uğurlardan da danışılıb. Qeyd olunub ki, hazırda Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi işləri davam etdirilir. Qovlar şəhərində Gənclər Evinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Tovuz şəhərində Nizami adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin, kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi, Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir.

Keçidlər