Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz RİH başçısı video-müşavirədə tapşırıqlar verdi

21 dekabr 2020 | 16:00

Tovuzda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarından irəli gələn vəzifələrin rayon ərazisində icrası vəziyyəti” ilə bağlı video-müşavirə keçirilmişdir. RİH başçısı aparatının məsul işçiləri və inzibati ərazi dairələri üzrə nümayəndələr video format­da müşavirədə iştirak etmişlər.

Müşavirəni rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, son dövrlər ölkə ərazisində koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən bu ilin dekabr ayının 14-dən xüsusi karantin rejimi sərtləşdirilmişdir. Bununla bağlı ərazi icra nümayəndələrinə lazımi metodiki tövsiyələr verilmişdir.

Yoluxmanın qarşısının alınması məqsədilə həyata keçirilən ilkin tədbirlər-sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına əməl olunması işlərinə Tovuzda da ciddi nəzarət edilir. Lakin bu məsələlərlə bağlı əhali arasında aparılan maarifləndirici tədbirlər daha intensiv qaydada davam etdirilməlidir.

Eyni zamanda Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin kütləvi toplaşmasının qarşısının alınması, infeksiyaya yoluxmuş şəxslərin ailə üzvlərinin özlərini təcrid etməsi, sanitar qaydalara riayət olunması istiqamətində ardıcıl iş aparılmalıdır.

Təəssüf ki, rayon ərazisində hələ də dəfn mərasimlərindən əlavə, yas mərasimlərinin keçirilməsi, insanların müxtəlif səbəblərdən bir yerə toplanması halları müşahidə edilir. Bu kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirilməli, rayonun hüquq- mühafizə orqanları ilə qarşılıqlı şəkildə əlaqə qurulmalıdır. Mobil qruplar tərəfindən müntəzəm olaraq keçirilən reydlərin effektivliyi artırılmalı, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət olunması daim nəzarətdə saxlanılmalıdır.

Video-müşavirədə müzakirələrə qoşulan RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, RİH başçısının Tovuz və Qovlar şəhər, Düz Qırıqlı kənd İƏD üzrə nümayəndələri yerlərdə pandemiyaya qarşı mübarizənin təşkili vəziyyəti haqqında məlumat vermiş, xüsusi karantin rejimi qaydalarının icrası vəziyyəti ilə bağlı sualları cavablandırmışlar.

Video-müşavirəni rayon rəhbəri Məmməd Məmmədov yekunlaşdırmış və sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar vermişdir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər