Tovuz rayonunda pandemiya ilə bağlı videomüşavirə keçirilmişdir
Tovuzda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasından 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarından irəli gələn vəzifələrin rayon ərazisində icrası vəziyyəti ilə bağlı videomüşavirə keçirilmişdir. RİH başçısı aparatının məsul işçiləri və inzibati ərazi dairələri üzrə nümayəndələr video formatda müşavirədə iştirak etmişlər.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, son dövrlər ölkə ərazisində koronavirus infeksiyasına (COVİD-19) yoluxanların sayı artdığına görə əhalinin həyat və sağlamlığının qorunması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə 14 dekabr 2020-ci il tarixindən etibarən xüsusi karantin rejiminin sərtləşdirilməsi qərara alınmışdır. Qərara əsasən bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı təsdiq edilmişdir. Fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabinetinin qərarına 1 nömrəli əlavədə qeyd olunmuş və mətbuatda dərc olunmuşdur. Bununla bağlı ərazi icra nümayəndələrinə lazımi metodiki tövsiyələr verilmişdir.
Pandemiyanın rayon ərazisində yayılma surəti bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Dəfələrlə qeyd edildiyi kimi, yoluxmanın qarşısının alınması məqsədilə həyata keçirilən ilkin tədbirlər sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət olunmasıdır. Bu məsələlərlə bağlı əhali arasında aparılan maarifləndirici tədbirlər daha intensiv qaydada davam etdirilməlidir.
Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq əhalinin kütləvi toplaşmasının qarşısının alınması, infeksiyaya yoluxmuş şəxslərin ailə üzvlərinin özlərini təcrid etməsi, sanitar qaydalara riayət olunması istiqamətində ardıcıl iş aparılmalıdır.
Təssüf ki, rayon ərazisində dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsi, insanların müxtəlif səbəblərdən bir yerə toplanması halları müşahidə edilir. Bütün ərazilərdə bu kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirilməli, bu sahədə fəaliyyət rayonun hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə qurulmalıdır. Mobil qruplar tərəfindən müntəzəm olaraq keçirilən reydlərin effektivliyi artırılmalı, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət olunması daim nəzarətdə saxlanılmalıdır.
Videomüşavirədə müzakirələrə qoşulan RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, RİH başçısının Tovuz və Qovlar şəhər, Düz Qırıqlı kənd İƏD üzrə nümayəndələri yerlərdə pandemiyaya qarşı mübarizənin təşkili vəziyyəti haqqında məlumat vermiş, xüsusi karantin rejimi qaydalarının icrası vəziyyəti ilə bağlı sualları cavablandırmışlar.
Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdırmış və sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar vermişdir.