Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində Tovuzda ağacəkmə kampanyası keçirilib
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun müxtəlif yerlərində xüsusi karantin rejiminin tələbləri gözlənilməklə ağacəkmə kampanyası keçirilmişdir. Kampanya Tovuz və Qovlar şəhərlərini, Düz Cırdaxan, Cəlilli və Aşağı Mülkülü kəndlərini əhatə etmişdir. Kampanya zamanı 800-ə qədər şam, küknar və meyvə ağacları əkilmişdir.
Ağacəkmə kampanyasına qatılan rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kampaniyada iştirak edən gənclərlə söhbət zamanı bildirmişdir ki, xalqımız tək bu gün deyil, hər zaman dahi insan Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, onun ruhu qarşısında baş əyir.
M.Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə ölkəmizin qələbə və Zəfər tarixini yazdığını xüsusi vurğulamış, gənclərə möhtəşəm Zəfər paradımız və onun özəlikləri barədə danışmışdır.
Kampanya böyük ruh yüksəkliyi ilə iştirak edən gənclər Ümummilli Liderimizin əziz xatirəsinə dərin ehtiramlarını nümayiş etdirmişlər.