Şriftin ölçüsü :

Saytın rəngi :

O, torpaq uğrunda canından keçdi

24 noyabr 2020 | 16:00

Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması xalqımızın haqlı hiddətinə səbəb olmuşdu. Oğlum Mehtiyev Seymur Hüseyn oğlu da bu vandallığı düşmənə bağışlamayacağına and içmişdi. Ona görə də ermənilərlə döyüşmək üçün fürsət axtarırdı.

Cəmi iyirmi beş illik ömür yolunu bir göz qırpımında başa vurdu. 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dünyaya göz açıb, 24 oktyabr 2020-ci ildə isə Füzulidə yumdu gözlərini.

Balam orta təhsilini Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbdə, ixtisas təhsilini isə Azərbaycan Texniki Universiteti nəzdindəki Bakı Nəqliyyat və Rabitə Kollecində almışdı. 2017-ci ildə həqiqi hərbi xidmətə getdi. Goranboy istiqamətində xidmət keçdi. Topçu, manqa komandiri, kiçik çavuş olmuşdu.

O, Vətən müharibəsi başlamamışdan dövlət sərhədinin Tovuz istiqamətində bu ilin iyulunda baş vermiş düşmən hücumu vaxtı cəbhəyə getməyə cəhd etdi. O zaman alınmadı. Sentyabrda hərbi komissarlığa getdi. Sevincək qayıtdı ki, "...alındı, ana, ermənilərin payını vermək mənə də qismət olacaq”. Könüllü yazılmışdı orduya, cəbhəyə getməyə tələsirdi. Yola düşəndə mənə "birdən şəhid olsam, ağlamazsan ha...”, deyib getdi. Soruşdum ki, hansı tərəfə aparırlar? Cavabı həm müəmmalı, həm də maraqlı oldu: "Hər yer Vətəndir, ana, hara gedəcəyimizin nə fərqi var?”

Əvvəllər Tərtər istiqamətində idi. Sonra Füzulidən gəldi səsi. Fürsət tapan kimi zəng edirdi. Təsəlli verirdi ki, darıxmayın. O gedəndən yuxum ərşə çəkilmişdi. Hər zəngində mənə təsəlli verir, elə hey, "özünə yaxşı bax, ana”,deyirdi. "Qoy qayıdım gəlim. Səni "Seymurun anası” kimi tanıyacaqlar. Düşmənin başını əzə-əzə gedirik, iti qovan kimi qovuruq...”

Sən demə, balam məni şəhid olub tanıdacaqmış. Atası hələ də özünə gələ bilmir. Deyir, özü, yüyürə-yüyürə şəhid olmağa getdi. Əsas döyüş yolu Füzulidən keçdi. Uşaqlar deyir ki, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı və digər kəndlərin alınmasında top atəşləri ilə düşmənə qan uddurdu. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərdi. Füzulidə olanda bizimlə bir neçə dəfə telefon əlaqəsi saxladı.

...Oktyabrın 24-də yenə mənə zəng etdi, atası, qardaşı ilə də danışdı. Ordumuzun qəhrəmanlığı sayəsində düşmənin pərən-pərən düşdüyünü bildirdi. Dedi ki, "biçirik ey onları, iti qovan kimi qovuruq, qaçırlar qorxaqlar. Murdar ayaqları bir də bu torpağa dəyməyəcək, az qalıb”.

Oktyabrın 25-də isə... Cəmi bir gün qabaq bizə ümid verən, inamımızı möhkəmləndirən Seymur o gün düşmən gülləsindən gözlərini əbədi yumdu.

Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuzun komandirləri, əziz əsgər balalar, oktyabrın 26-da Seymur canından əziz bildiyi Vətən torpağına tapşırılarkən, onunla sonuncu dəfə vidalaşmağa gələnlərin sayı-hesabı yox idi. Sən demə, Seymur məni belə tanıdacaqmış. Bu, bizə, əlbəttə ki, qürur verir. Hər bir ana övlad toyu arzulayar, qol qaldırıb oynayar. Bu, bizə qismət olmasa da, Seymurum Tanrının dərgahına yüksəldi. Ana qəlbim sızlasa da, deyirəm, Vətən sağ olsun!

Vətəni oğullar qoruyar, mənim döyüşkən balalarım. Bilirəm ki, Vətən uğrunda şəhid olanlara "ölüb” demirlər. İndi xalqımız Ordumuzun zəfərini qeyd edir. O zəfərdə mənim Seymurumun da payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə, oğlumun da adı çəkiləcək. Seymurumun özü ilə bağlı arzuları yarımçıq qaldı. Lakin Vətənlə bağlı arzuları yerinə yetdi...

Şərəfin - şəhidliyin mübarək, oğlum! Vətən və xalqımız onu qoruyan oğulları ilə qürur duyur!

 

Nüşabə MEHTİYEVA,

Tovuz şəhəri, şəhid anası

"Azərbaycan" qəzeti, 24 noyabr 2020-ci il.

Keçidlər