Tovuz Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Tovuz rayon İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Tovuz rayon İcra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, rayonda kənd təsərrüfatı istehsalının artırılması, 2015-ci ilin məhsulu üçün taxıl, kartof, tərəvəz əkini sahələrindən yüksək məhsul götürülməsi üçün aqrotexniki tədbirlər həyata keçirilir. Ötən illə müqayisədə bu il kartof və tərəvəz əkini sahələri xeyli genişləndirilib. Əkinçiliklə məşğul olanlara lizinq xidmətinin təşkilində, aqrotexniki xidmətlərin həyata keçirilməsində lazımi kömək göstərilir. Birinci rübdə məhsul istehsalçılarına güzəştli şərtlərlə 1352 ton meneral gübrələr satılıb. 2015-ci ilin məhsulu üçün 6629 istehsalçıya 9 min 9 hektar buğda sahəsi üçün 360 min 379 manat yardım hesablanıb ödənilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübünün yekunlarına görə rayonda heyvanların baş sayı xeyli çoxalıb, ət istehsalı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 3,1 faiz artıb.
Bildirilib ki, rayonda kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülür. “Tovuzçay” su anbarının yaxın günlərdə istifadəyə verilməsi nəticəsində 18 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, eləcə də 4 min hektar torpaq sahəsi dövriyyəyə qatılacaq. Eyni zamanda, 2015-ci ildə rayonda 12 ədəd yeni subartezian quyusunun qazılması da nəzərdə tutulur.
Rayonda keçən ildən başlanmış abadlıq-quruculuq işləri cari ildə də davam etdirilib. Tovuz çayının sol sahilində rayon əhalisinin və qonaqların istirahət vaxtının daha səmərəli keçməsi üçün fəvvarəli gölün və geniş əyləncə mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan, hər biri 100 yerlik iki uşaq bağçasınin tikintisində işlər tamamlanmaq üzrədir. Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının, Qovlar şəhərində Gənclər Mərkəzinin və rabitə evinin tikintisi davam etdirilir, 1176 şagird yerlik Düz Qırıqlı kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.