Tovuz şəhərindəki Qala Kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva tovuzluları bayram münasibətilə təbrik edərək, ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulayıblar.
Qeyd olunub ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir necə ildir UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Diqqətə çatdırılıb ki, bu ümumxalq bayram ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Sonra tonqal qalanıb, müxtəlif milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi nümayiş etdirilib. Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.