Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Qələbəmiz tovuzlular tərəfindən qeyd olundu

11 noyabr 2020 | 16:00

Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə qırx dörd gün davam edən hərbi əməliyyatlarla bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.

2020-ci il noyabrın 10-nu günü Tovuz da ən əlamətdar tarixini yaşayırdı. Sərhəd bölgəsində yerləşən və bu Vətən müharibəsinin başlanmasını qaçılmaz edən Tovuz hadisələrini yaşayan tovuzlular Qələbəni qeyd edərək onun sevincini yaşamaq üçün küçə və meydanlara axışmışdılar. Kiçik yaşlı uşaqlardan tutmuş ixtiyar qocalaradək bütün əhali təbəqələri bayram coşqusuna qatılmışdı. Hər tərəfdən musiqi sədaları, çal-çağır eşidilirdi. Bayram şənliklərinin rəsmi hissəsi Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov başda olmaqla rayon ictimaiyyəti nümayəndələrinin Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmələri ilə başlandı.

Tovuz şəhərinin mərkəzi meydanı, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Tovuz və Qovlar şəhərlərinin, kəndlərin prospekt, küçə və parkları insan seli ilə aşıb-daşırdı. Pandemiya ilə əlaqədar insanlar nə qədər sosial məsafəni gözləsələr də, yenə bəzən özlərini saxlaya bilmir, bir-biri ilə səmimi şəkildə bayramlaşırdılar. Azərbaycan bayrağına bürünmüş gənclər “Azərbaycan!”, “Ən böyük Ordu-bizim Ordu!”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Qarabağ Azərbaycandır!” “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüar və çağırışlar səsləndirirdilər.

Ayrı-ayrı adamlar öz evlərinin qarşısında, sahibkarlar xidmət obyektləri önündə bayram süfrələri açaraq xalqın Qələbə sevincini onlarla bölüşmələrinə dəvət edirdilər.

Tovuzda tarixi Qələbə ilə əlaqədar şənliklər və bayram gəzintiləri hərbi vəziyyətlə bağlı olan komendat saatı başlayana kimi yekunlaşmışdır.

Keçidlər