Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncaq keçirilmişdir

04 fevral 2015 | 16:00

04 fevral  2014-cü il  tarixdə  Tovuz  rayon  İcra  Hakimiyyəti  başçısının 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat  yığıncağı  keçirilmişdir.

Hesabat  yığıncağından əvvəl tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Hesabat  yığıncağında  Tovuz rayon İcra  Hakimiyyəti  başçısı  cənab Tofiq Zeynalov məruzə ilə çıxış  etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində respublikamızda aparılan qlobal işlərlə həmahəng olaraq 2014-cü ildə Tovuz rayonunun sosial-iqtisadi inkişafı sahəsində də bir çox nailiyyətlər əldə edilib, mühüm infrastruktur layihələrinin icrası nəticəsində yerli əhalinin sosial həyatında əsaslı dəyişikliklər baş verib.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Hazırda uzunluğu 33,8 kilometr olan yolun tikintisində işlər sürətlə davam etdirilir. Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun çəkilişindən sonra bu layihə rayon üçün çox önəmli infrastruktur layihələrindəndir.

Bildirilib ki, hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tovuz şəhərinin “Semzavod qəsəbəsi” adlanan ərazisində uzun illər heç bir kommunal şəraiti olmayan baraklarda yaşayan 85 ailəni yeni mənzillərlə təmin etmək üçün 35 və 50 mənzilli beşmərtəbəli iki bina tikilib istifadəyə verilib.

Keçən il Proqramda nəzərdə tutulan 220 şagird yerlik Şamlıq, 180 şagird yerlik Papaqçılar, 180 şagird yerlik Çeşməli, hər biri 80 şagird yerlik Qalaboyun, Qaradaş və Muncuqlu kənd tam orta məktəblərinin tikintisi başa çatdırılaraq istismara verilib. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuz və Qovlar şəhərlərində hər biri 100 yerlik üç uşaq bağçasının tikintisi başa çatdırılıb. Həmin uşaq bağçaları avadanlıq və inventarlarla təchiz olunduqdan sonra yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Məlumat verilmişdir ki, Tovuz çayı üzərində su anbarının tikintisində işlər yekunlaşmaq üzrədir. Obyektin bu ilin birinci yarısında istismara veriləcəyi nəzərdə tutulur. Bununla 18 min 465 hektar əkin sahələrinin su təminatı yaxşılaşacaqdır.

Hesabat dövründə rayonda sənaye məhsulunun ümumi həcmi 10,3 faiz, nəqliyyat sektorunda yük daşımaları 2,1 faiz, rabitə xidmətinin həcmi 11,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,3 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalında da artım qeydə alınıb. 2013-cü illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,2 faiz, yumurta 4,1 faiz, yun istehsalı 1,9 faiz çoxalıb, heyvanların baş sayı, eləcə də ana heyvanların sayı artıb.

Ötən il yeni üzümlüklərin salınması istiqamətində işlər davam etdirilib. İl ərzində 30 hektar sahədə yeni üzümlüklər salınıb, üzüm bağlarının sahəsi 631 hektara çatdırılıb. Məhsul verən 528 hektar üzüm bağından 2013-cü illə müqayisədə 1363 ton çox məhsul götürülüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə sahibkarlara 79 layihə üzrə 1 milyon 66 min manat kredit verilərək 193 iş yeri açıldığı halda, 2014-cü ildə 106 layihə üzrə 1 milyon 432 min manat kredit verilib və 272 iş yeri açılıb.

Ümumilikdə hesabat dövründə rayonda 710 yeni iş yeri açılıb. Bunlardan 81-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 629-u fiziki şəxslərdə açılan iş yerləridir. Son on il ərzində isə 13652-si daimi olmaqla 20079 iş yeri yaradılıb.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Qənirə Paşayeva, İlyas İsmayılov, Rafiq Məmmədhəsənov çıxış edərək cari ildə qarşıda duran vəzifələrdən danışıblar.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər