Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: həm sərhədlərimizi qoruyaq, həm də özümüzü...

17 oktyabr 2020 | 23:00

Tovuzda adamlar öz adi həyatlarını yaşayır, məişət qayğıları, təsərrüfat və abadlıq-quruculuq işləri ilə məşğul olurlar. Doğrudur, erməni qəsbkarları cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün ara-sıra sərhəd kəndlərini atəşə tutur, kənd əhalisini təşvişə salmağa cəhd göstərirlər. Lakin onların bu xain hərəkətlərinin qarşısı dərhal alınır.

Tovuzlular sərhəddə də, arxa cəbhədə də eyni fədakarlıqla çalışırlar. Onlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən kompleks tədbirlərə cavab olaraq rayonda da bu işlə ciddi məşğul olurlar.

Rayon  icra hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvləri vaxtaşırı olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparırlar.

Qrup üzvləri tez-tez əhalinin gur toplaşdığı yerlərə gedir, izahat-təbliğat işləri ilə yanaşı, adamlara pulsuz maska da paylayırlar. Bu günlərdə şəhər ərazisində həyata keçirilən belə aksiya zamanı vətəndaşlara daha 1000 ədəd pulsuz tibbi maska paylanılmışdır.

Aksiyanı razılıqla qarşılayan  şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.


Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

http://xalqqazeti.com/az/news/60095

Keçidlər