Təhsilə dövlət səviyyəsində qayğı uğurları daha da artırır
“Son 16 ildə Tovuzda 39 müasir tipli məktəb binası tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən 2020–2021-ci tədris ili üçün ümumi şagird sayı 3068 olan 4 belə müasir məktəb kompleksinin tikilməsi isə sərhəd bölgəsində yerləşən tovuzlulara edilən hədiyyədir. Eyni zamanda, dövlətin qayğısı ilə Aşağı Quşçu kəndində yenidən inşa olunmuş 1176 şagird yerlik məktəb binası, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 2 modul tipli yeni məktəb binaları da cari ildə istifadəyə verilmişdir. Yuxarı Öysüzlü kəndində Müşfiq Əliyev adına məktəb binası yenidən inşa olunur. Elə həmin kənddə Məmmədqara Məmmədov adına məktəb, Əlimərdanlı, Aşağı Mülkülü və Qaraxanlı məktəblərinin binaları əsaslı təmir olunur, Molla Ayrım kəndində modul tipli məktəb binası quraşdırılır. Göstərilən bu diqqət və qayğının nəticəsidir ki, son illər Tovuz rayonundan ali məktəblərə daxil olan məzunların sayı da artır”.
Bunlar barədə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov 600-dən çox bal toplayıb tələbə adını qazanan gənclərlə görüşü zamanı ətraflı danışdı. Rayon rəhbəri daha sonra dedi:
– Heydər Əliyev Fondu tərəfindən Bilik günü ərəfəsində istifadəyə verilmiş A.Qasımov adına tam orta məktəbin abad həyətində görüşümüz də bu diqqətin, köməyin daha bir parlaq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsi üçün illərdir böyük qayğı göstərirlər. Təhsilə göstərilən bu yüksək qayğı siz müəllim və şagirdlər qarşısında ciddi məsuliyyət qoyur. Bu il respublikanın ali məktəblərinə 555 nəfər tovuzlu gəncin qəbul olunması bizi çox sevindirir. Əminəm ki, sonrakı illərdə daha böyük uğurlar əldə edəcəksiniz.
Qeyd edək ki, bu il tovuzlu məzunlardan 23 nəfəri 600-dən çox bal toplamışdır.
İcra hakimiyyətinin başçısı onların hər birini ayrı-ayrılıqda təbrik etdi, fəxri fərmanlar, hədiyyələr verdi.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri