Tovuz rayon İcra Hakimiyyətinin başçısı yüksək bal toplayıb tələbə adını qazanan gənclərlə görüşdü
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov cari ilin məzunlarından 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərlə görüş keçirmişdir. Heydər Əliyev Fondu tərəfindən Bilik günü ərəfəsində istifadəyə verilmiş Tovuz şəhər A. Qasımov adına tam orta məktəbin müasir dizaynla qurulmuş abad həyətində baş tutan görüşdə çıxış edən M.Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim ən böyük qayğı göstərirlər.
Son 16 ildə Tovuzda 39 müasir tipli məktəb binasının tikilib istifadəyə verilməsi Azərbaycan dövlətinin qayğısının ən parlaq təzahürüdür.
Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Azərbaycanda olduğu kimi bütün tovuzlularda da böyük məmnunluq yaratmışdır.
Heydər Əliyev Fondu tərəfindən 2020-2021-ci tədris ili üçün ümumi şagird sayı 3068 olan belə 4 müasir məktəb kompleksinin tikilməsi sərhəd bölgəsində yerləşən tovuzlulara edilən ən böyük hədiyyədir. Eyni zamanda dövlətin qayğısı ilə Aşağı Quşçu kəndində yenidən inşa olunmuş 1176 şagird yerlik məktəb binası, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 2 modul tipli yeni məktəb binaları da cari ildə istifadəyə verilmişdir. Yuxarı Öysüzlü kəndində Müşfiq Əliyev adına məktəb binası yenidən inşa olunur, Yuxarı Öysüzlü kəndində Məmmədqara Məmmədov adına məktəb, Əlimərdanlı, Aşağı Mülkülü və Qaraxanlı məktəblərinin binaları əsaslı təmir olunur, Molla Ayrım kəndində modul tipli məktəb binası quraşdırılır. Qədirbilən tovuzlular bu qayğıya və göstərilən yüksək etimada layiqincə cavab verəcək, Vətənə öz sədaqətləri ilə nümunə olacaqlar.
Təhsilə göstərilən bu yüksək qayğı müəllim və şagirdlər qarşısında ciddi məsuliyyət qoyur ki, yalnız kefiyyətli təhsil verərək ali məktəblərə qəbul nəticələri yüksək olmalıdır. Bu il respublikanın ali məktəblərinə qəbul olunmuş 555 nəfər tovuzlu gənc bizim fəxrimizdir.
Görüşdüyümüz 23 nəfər 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmışdır. Doğrudur, ötən ilə nisbətən bu il ali məktəblərə belə yüksək balla qəbul olunanlarımız 5 nəfər çoxdur, ancaq bizim potensialımız böyükdür və Tovuzun zəngin ənənələri imkan verir ki, daha yüksək göstəricilərə nail ola bilək.
Mən bu ilki qəbulda yüksək nəticələrə nail olanları və bütövükdə tələbə adı qazanan bütün tovuzlu gənclərin hamısını ürəkdən təbrik edirəm! Biz möhkəm inanırıq ki, həmin gənclərimizin həyatda qazandıqları bu ilk uğur davamlı olacaq və onlar layiqli vətəndaş kimi yetişərək Azərbaycanın daha da qüdrətlənməsinə öz layiqli töhfələrini verəcəklər.
Sonra 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.