Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu gənclərdə vətənpərvərlik ruhu yüksəkdir - VİDEO

09 sentyabr 2020 | 16:00

Azərbaycanın 20 faiz torpağı uzun illərdir ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. Düşmən ötən əsrin 90-cı illərində ölkəmizdə yaranmış xaotik vəziyyətdən istifadə edərək torpaqlarımızı ələ keçirdi. Lakin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bağlanan atəşkəs müqaviləsi sayəsində ötən illərdə Azərbaycanda nizami ordu formalaşdırıldı, silahlı qüvvələrimiz vahid komandanlıq altında birləşdirildi və müasir silah-sursatla, texnika ilə təmin edildi. Düşmən hər dəfə təxribat törətməyə cəhd etsə də, müasir Azərbaycan Ordusunun layiqli cavabı ilə qarşılaşır. Gənclərimizdə olan vətənpərvərlik hissi düşmənə bir daha sübut edir ki, Azərbaycan işğalla barışmayacaq.

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinin 17 yaşlı sakini Cavid Aslanov da ordu sıralarına qatılacağı günü səbirsizliklə gözləyir. O, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduğunu və Ali Baş Komandandan əmr gözlədiyiniı deyir. “17 yaşım var. Qaynar nöqtədə yaşayırıq. Düşmənin heç bir təxribatından qorxmuruq. Bu il iyul hadisələrində də ordumuzun necə güclü olduğunu hamımız gördük. Ali Baş Komandanımızın əmrini gözləyirəm, canla-başla döyüşüb torpaqlarımızı azad etməyə hazıram”, – deyə o bildirib.

Cavid kimi minlərlə gənc Vətənin işğal altındakı torpaqlarını azad etmək üçün ordu sıralarında xidmət etməyə hazırdırlar.

Rayon sakini Anar İsmayılov deyib: “İnsanlarda vətənpərvərlik ruhu iyul hadisələrindən sonra daha da qüvvətləndi. Ordumuz gənclərdən təşkil olunub. Hərbçilərimizin şücaəti nəinki Qafqaza, bütün dünyaya səs saldı. Cənab Prezidentin çağırışından sonra insanların ordu sıralarına yazılması üçün səfərbərlik xidmətinə necə axın etdiyini hamı gördü”.

Digər rayon sakini Fərid Məmmədzadə də Ali Baş Komandanın əmrini gözlədiyini söyləyib. “Əhval-ruhiyyəmiz yüksəkdir. Güclü ordumuza güvənirik. Hər an Ali Baş Komandanın əmrini gözləyirik. Düşmən nə qədər təxribat etsə də, ordumuz güclüdür, onların cavabını layiqincə verir. Bu isə bizi daha da ruhlandırır”, – deyə F.Məmmədzadə əlavə edib.

Gənclərimizin Vətən sevgisini iyul döyüşləri bir daha göstərdi. Qısa müddətdə minlərlə gənc torpaqlarımızın tezliklə azad olunması uğrunda döyüşə qatılmaq üçün səfərbərlik xidmətində qeydiyyatdan keçdi.

Düşmən qarşısındakı ordunun gücünə hər ötən gün getdikcə daha yaxşı bələd olur. Həm ön cəbhədə aldığı sarsıdıcı zərbələr, həm də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun günbəgün artması düşmənə gözdağı verir. Bu isə Qələbənin çox da uzaqda olmadığını deməyə əsas verir...

Keçidlər