Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusunun açılışında iştirak ediblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular.
Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər.
Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.