Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda işgüzar əhval-ruhiyyə hökm sürür

03 sentyabr 2020 | 16:00

Bu rayon bir tərəfdən mənfur qonşuları ilə mübarizə aparır, sərhədlərini, mülki əhalini qoruyur, digər tərəfdən kəndlərdə, eləcə də şəhərin özündə böyük tikinti-quruculuq işləri həyata keçirir, qurur, yaradır. Adamların fəallığı, işgüzarlığı, təşəbbüskarlığı da əməlli-başlı artıb. Bu əhval-ruhiyyəni onlarda ölkə Prezidenti yaradıb. Dövlət başçımızın Tovuza göstərilən diqqət və qayğısı onları hədsiz duyğulandırıb. İyul döyüşləri zamanı mülki vətəndaşlara, sərhəd kəndlərinə, müxtəlif obyektlətə dəyən ziyan dövlətimizin köməyi sayəsində aradan qaldırılır, o yerlərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir.

Başqa sözlə, Tovuz rayonunda iki cəbhədə mübarizə aparılmasına baxmayaraq bütün işlərin öhdəsindən bacarıqla gəlirlər. Rayon icra hakimiyyəti, əlaqədar strukturlar çalışırlar ki, Tovuzda sakinlər rahat yaşasın, hər bir şəraitləri olsun, yolların, küçələrin, məhəllələrin hamısı asfaltlaşdırılsın. Bu işlərdə onlara daim dəstək olan Azərbaycan ­Prezidenti imzaladığı sərəncamlarla tovuzluları sevindirir. Bu baxımdan, “Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 mart 2020-ci il tarixli Sərəncamı da böyük əhəmiyyət kəsb edir. Artıq həmin sərəncamın da icrasına başlanılmışdır. Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağında hazırda inşaat işlərinin qızğın çağıdır.

Qeyd edək ki, yeni yol qovşağı tovuzluların həyatında böyük əhəmiyyət kəsb edir. Hələ XX əsrin 80-ci illərində şəhərdə dəmir yolu xətti altından sovxozların mal-qarasının və qoyun sürülərinin keçməsi üçün keçid tikilmişdi. Amma sonralar həmin keçid avtomobillərin hərəkəti üçün uyğunlaşdırılmışdı və ora olduqca darısqal idi. Digər tərəfdən avtomobillərin hərəkəti üçün nəzərdə tutulmadığına görə daim qəza təhlükəsi və tıxaclar yaradırdı. Burada heç piyadalar da keçiddən istifadə edə bilmirdilər. Başqa sözlə, şəhəri ikiyə ayıran dəmir yolunu adlamaq üçün müasir piyada keçidi yox idi.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov deyir ki, cənab Prezidentin regionların inikişafına qayğısının növbəti təzahürü olan yeni infrastruktur layihəsi tovuzlular üçün ən böyük hədiyyədir. Bu böyük infrastruktur layihəsi çərçivəsində tikiləcək tunelin ümumi uzunluğu 420 metr, iki avtomobilinin rahat keçəcəyi hərəkət hissəsinin eni 8 metr, tunelin qapalı hissəsinin uzunluğu 30 metr olacaqdır. Yol qovşağı layihəsinin icrası zamanı əlavə yan yolların inşası da nəzərdə tutulmuşdur. Yan yolların ümumi uzunluğu 270 metr olmaqla eni iki avtomobilin sərbəst hərəkətinə imkan yaradacaq. Piyadalar üçün rahat səkilər də salınacaqdır.

Qeyd edək ki, Məmməd Məmmədov digər obyektlər kimi yol qovşağının tikintisinə də tez-tez baş çəkir, öz məsləhət və tapşırıqlarını verir, ortaya çıxan hər hansı bir problemin həlli istiqamıətində işlərin görülməsinə nail olur. Şəhərin küçələri də tədricən öz görkəmini dəyişir. Maraqlı odur ki, illər boyu asfalt görməyən küçələrə asfalt döşənir, səkilər salınır, yaşıllıq işləri aparılır.

Rayon rəhbəri şəhərin yeni asfalt örtüyü salınmış küçələrində sakinlərlə görüşü zamanı adamlar hədsiz razılıq edirlər. Deyirlər ki, cəbhə bölgəsində yaşayan tovuzlulara göstərilən daimi diqqət və dövlət qayğısı onları hədsiz ruhlandırır. Hər bir tovuzlunu ölkə Prezidenti ətrafında daha sıx birləşdirir.



Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər