Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə

26 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 6 avqust tarixli 2203 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 25 avqust 2020-ci il

Keçidlər