Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 min hektardan çox sahədə təkrar əkin aparılıb

22 avqust 2020 | 16:00

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi respublikamızın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da aqrar sahəyə marağı artırıb.

Görülmüş tədbirlər nəticəsində bu ilin birinci yarımilində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 76142,6 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricilərini 18,1 faiz üstələyib.

Cənab Prezident İlham Əliyevin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən təkrar əkinlər aparan kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi təkrar əkinlərin həyata keçirilməsini daha da stimullaşdırıb. Belə ki, rayonda 5394 hektar sahədə təkrar əkin aparılıb. Bunun da 207 hektarı əhali təsərrüfatlarının, 5187 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşüb. Təkrar əkinin 5394 hektarını qarğıdalı təşkil edir.

Fermerlər sahələrdən bol məhsul götürməyi planlaşdırırlar.

Keçidlər