Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətində videomüşavirə keçirilmişdir

12 avqust 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair 8 avqust 2020-ci il tarixdə keçirilmiş respublika üzrə videomüşavirədə verilən tapşırıqların icrasının təşkili ilə bağlı rayon icra hakimiyyətində inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videomüşavirə keçirilmişdir.

Videomüşavirəni rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən respublika üzrə videomüşavirədə aparılan müzakirələri və verilən tapşırıqları diqqətə çatdırmış və xüsusi karantin rejimi qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd olunmuşdur ki, ölkə ərazisində mövcud olan epidemioloji vəziyyət və xüsusi karantin rejimi qaydalarının tətbiqi dövlət başçısı cənab İlham Əliyevin daim nəzarətindədir. İnfeksiyaya yoluxmaların sayının azalmasına və müəyyən yumşalmaların elan olunmasına baxmayaraq rayon ərazisində sanitariya qaydalarına ciddi əməl olunmalı, bu işə nəzarət gücləndirilməli, xüsusi karantin rejimi qaydaları tam məsuliyyətlə yerinə yetirilməlidir. Qəbul edilmiş qaydalara əməl olunmasına məsuliyyət daşıyan əsas orqanlardan biri də yerli icra hakimiyyətləridir. Bu sahədə fəaliyyət rayonun hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə qurulmalıdır. Rəhbər işçilərin iştirakı ilə, eyni zamanda mobil qruplar tərəfindən müntəzəm reydlər keçirilməli, əhali arasında maarifləndirici işlər gücləndirilməli, nöqsanlara yol verənlər haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görülməlidir. Fərdi qaydada sahibkarlarla söhbət aparılmalı, onların diqqətinə bir daha çatdırılmalıdır ki, sahibkar obyektlərində yoluxmalara görə məsuliyyət tam olaraq onların üzərinə düşür.

Videomüşavirə geniş dialoq şəkilində davam etdirilmişdir. İH başçısının Tovuz şəhər, Abulbəyli, Bozalqanlı, Əyyublu, Azaflı, Alakol, Aşağı Quşçu, Düz Qırıqlı, İbrahimhacılı, Yuxarı Öysüzlü, Əsrik Cırdaxan, Əlibəyli, Düz Cırdaxan, Hacıalılı, Ağdam, Çatax, Qəribli, Qaralar, Böyük Qışlaq kənd İƏD üzrə nümayəndələri xüsusi karantin rejimi qaydalarının yerlərdə icrası vəziyyəti ilə bağlı operativ məlumat vermiş, onlara ünvanlanan sualları cavablandırmışlar. Videomüşavirədə ərazilərində yas mərasimlərinin keçirilməsinin qarşısının alınmasında nöqsanlar müşahidə edildiyinə görə Aşağı Quşçu, Alakol, Düz Qırıqlı, İbrahimhacılı kənd icra nümayəndələrinə xəbərdarlıq edilmişdir.

Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdıraraq xüsusi karnatin rejimi dövründə səlahiyyətləri çərçivəsində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı ərazi icra nümayəndələrinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər